"Amerika Türkiyəni sürətlə itirir" ÖZƏL-MÜNASİBƏT

"Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan televiziya və radio kanallarından birinə verdiyi son geniş müsahibədə Amerika Birləşmiş Ştatlarında “erməni soyqırımı” qətnaməsinin qəbulu məsələsinə toxunub". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

"Birincisi, Ərdoğan Vaşinqton mesaj göndərib ki, bu gedişlə Amerikanın İncirlikdəki hərbi bazasını qapada bilər. İkincisi, “erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq Türkiyə parlamenti də Amerikada hindulara qarşı həyata keçirilən soyqırımı tanıya bilər.

Amerika Türkiyəni sürətlə itirir. Amerikadakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə “soyuq müharibə” illərində olduğu kimi Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır. Soyuq müharibə 28 ildir bitib, SSRİ yoxdur. Beləcə Türkiyənın Amerikanın himayədarlığına ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər. Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, erməni qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər, tam əksi baş verir. Əlbəttə, İncilrikdəki hərbi bazanı qapatmaq asan məsələ deyil. Ancaq bu gedişat Ankaraya alternativ yol qoymayıb. İncirlik hərbi bazasının qapanmasıyla Türkiyə-Amerika strateji tərəfdaşlığı üzərindən xətt çəkilmiş olacaq"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə