Hindistanda etirazlarda 50-dən çox tələbə yaralanıb

Hindistanın paytaxtında tələbələrlə polis arasında baş verən toqquşmalar nəticəsində 50-dən çox insan yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iğtişaşlar əsasən müsəlman tələbələrin oxuduğu Jamia Millia İslamiya Universitetinin yerləşdiyi ərazidə baş verib. Narazılıq vətəndaşlıq haqqında qanununun yeni variantının qəbul edilməsinə etiraz olaraq başlayıb.

Polisin verdiyi məlumata görə, etirazçılar yaşayış binalarına daş ataraq yerli xəstəxananın şüşələrini sındırıblar. Nəticədə ən azı on maşın və yolda park edilmiş çox sayda motosikl və mopedə ziyan dəyib, bir neçə avtobus isə yanıb.

Mətbuatda yazılanlara görə, polis tərəfindən tələbələrə qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Tələbə kampusunda ən azı 100-dən çox tələbə saxlanılıb. Həbs olunanlardan əksəriyyəti səhər saatlarında azadlığa buraxılıb.

Tələbə icmaları və Universitet Müəllimlər Birliyi dinc etiraz çağırışı edərək zorakılığı pisləyib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, tələbələrin paytaxtdakı etirazlarına dəstək olaraq digər şəhərlərdə təhsil alan universitet tələbələri də narazılığıa başlayıblar. Mediada yayılan məlumatlara görə, küçələrə çıxmaqla bağlı çağırışlar sosial şəbəkələr, tələbə icmaları arasında göndərilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə