ABŞ saxta "soyqırım" qətnaməsini niyə qəbul etdi? ŞƏRH-ÖZƏL

"Təəssüflə qeyd etmək lazımdır ki, ABŞ Senatı Osmanlı imperiyasında baş verən hadisəni "soyqırım" kimi tanımaq haqqında qətnamə qəbul etdi və tanıdı. Özü də yekdil bir şəkildə səsvermə nəticəsində". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib. O bildirib ki, bu ilin oktyabr ayında Nümayəndələr Palatasında bu qətnamə 405 səsə leyhinə, 11 səs əleyhinə qəbul edildi. O vaxt Senatın bu qərarı qəbul edəcəyi elə də inandırıcı görünmürdü. Çünki əvvəllər də bu qətnamənin qəbul edilməsi ilə bağlı cəhdlər olmuşdu və Senatda çoxluq təşkil edən Respublikaçılar bunun əleyhinə çıxaraq təklifin keçməsinə imkan verməmişdilər. Nəticədə bu proses on illərlə davam etdi. Çünki ABŞ Türkiyə kimi bir tərəfdaş və NATO blokunun üzvü olan dövlətlə münasibəti pozmurdu. Lakin son vaxtlar Türkiyə - Rusiya yaxınlaşması və məlum C 400 qalmaqalı və bir sıra siyasi məsələlər bu qətnamənin qəbul edilməsində mühüm bir rol oynadı". A.Nağıyev Senatın qərarının erməniləri şirnikləndirəcəyinə şübhə etmir: "Təbii ki, Ermənistan bunu qələbə kimi dəyərləndirəcək və bundan istifadə etməyə çalışacaqdır. Amma bu, heç də belə deyil. Bir daha qeyd edirəm ki, bu, ABŞ-Türkiyə münasibətlərindən irəli gələn bir məsələdir və qondarma "soyqırım" qərarı da sanksiyalarla bağlı addımlar kimi Türkiyəyə qarşı bir təzyiq vasitəsidir". Politoloq hesab edir ki, ABŞ bu addımı atmaqla daima "soyqırım" məsələsini qəbul etməkdən imtina edən İsrailə də bir mesaj verdi: "İsrail də Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir. Təbii ki, bu qətnamə Türkiyə - ABŞ münasibətində gərginlik yaradacaq. Lakin bu qərarın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı təsirinin olacağı və ya Azərbaycanın da ABŞ-a qarşı mövqeyində dəyişkənlik edəcəyi inandırıcı görünmür. Təbii ki, Azərbaycan bu məsələlərdə daim Türkiyəni dəstəkləyən və hətta deyərdim ki, tarixi faktları ortaya qoymaq istiqamətində daha çox fəaliyyət göstərən bir dövlətdir".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə