Finlandiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib

Dekabrın 13-də Finlandiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edib.

SİA xəbər verir ki, qəbulda rəsmi şəxslər, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın və Finlandiyanın dövlət himnləri səsləndirildikdən sonra səfir xanım Arya İnkeri Makkonen çıxış edərək ölkəsinin müstəqillik yolundan danışıb. Bildirib ki, Finlandiya 1917-ci il dekabrın 6-da müstəqillik qazanıb. Bundan sonra yoxsul bir dövlətdən zəngin ölkəyə çevrilib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsini çox yüksək dəyərləndirən səfir ölkələrimiz arasında istər azad ticarət, istərsə də digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov Azərbaycan hökuməti adından Finlandiyanın Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb. O, iki ölkənin parlamentlərarası əməkdaşlığını təqdir edib və gələcəkdə siyasi-iqtisadi və mədəni sahələrdə münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd olunub ki, hazırda yeni mərhələyə qədəm qoyan dostluq və əməkdaşlıq əlaqələrinin ayrı-ayrı sahələrdə genişlənməsi üçün böyük imkanlar mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə