Ermənistanda zorakılıq halları etiraf edilir

Ermənistanın polis məntəqələrində videoyazı müşahidə avadanlıqları quraşdırılacaq. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan parlamenti bununla bağlı qanun qəbul edib.

Məlumatda qeyd olunur ki, Ermənistan Parlamenti bu gün ikinci və əsas oxunuşda “Polis haqqında” Ermənistan Qanununa əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsini qəbul edib. Qeyd edək ki, qanun layihəsinə əsasən, zorakılıq hallarının qarşısını almaq və ya aşkar etmək üçün polis bölmələrində səs və video yazı aparatlarının quraşdırılması planlaşdırılır. Bu sistemin tam tətbiqi üçün 208 milyon dram tələb edilir.
Bundan əvvəl polis rəisinin müavini Tiqran Yesayan parlamentdə bildirmişdi ki, bu cür təşəbbüslərin məqsədi insan hüquqlarının pozulması, işgəncə, qeyri-insani və ya alçaldıcı rəftar hallarının qarşısını almaq və müəyyən etməkdir.
Video yazılar polis tərəfindən 3 ay, səs yazıları isə 2 il saxlanacağı bildirilir.
Görünür, zorakılıq hallarının qarşısını almaq üçün ermənilər polis məntəqələrinə videomüşahidə yerləşdirirlər. Əslində isə, polis məntəqələrinə videomüşahidə yerləşdirilməsi Ermənistanda zorakılıq hallarının etirafıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə