“Radikal qrupların boykot qərarı zəifliklərinin etirafıdır” – Bəhruz Quliyev

"Bir qrup radikal və dağıdıcılıq təfəkkürünə malik müxalifətçinin parlament seçkilərinə qatılmamaq qərarları kökündən yanlış və düzgün olmayan bir qərardır". Bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, onlar həqiqətən də özlərini siyasətçi sayırlarsa, siyasi partiya lideri hesab edirlərsə, siyasətdə uğur əldə etmək istəyirlərsə, xüsusilə xalq və dövlətçilik marağından çıxış etdiklərini iddia edirlərsə, seçkilər vasitəsi ilə öz mövqelərini ortaya qoymalıdırlar: "Yox, əgər bunu etməyə cürətləri çatmırsa, demək ki, nə xalqçılıq, nə dövlətçilik, nə də ümummilli maraqlar onları qətiyyən düşündürmür. Onları düşündürən yenə də şəxsi divident və hər hansı xarici dairələrin sifarişlərinə uyğun hərəkət etməkdir.

Digər tərəfdən, bu qruplar bütün seçkilərdə və referendumlarda iştirak etməlidirlər ki, öz siyasi maraqlarını ictimailəşdirsinlər. Hu gün siyasi yetkin olan şəxslərin hər biri dərk edir ki, parlament eyni zamanda siyasi mübarizə platformasının tərkib hissəsidir və orada müxtəlif siyasi baxışları olan tərəflər də təmsil olunur. Əgər dağıdıcı qruplar qrant silmək, həmin yolla gündəmdə qalmaq arzusunu üstün tuturlarsa. Bu faktın özü də açıq-aydın şəkildə onların gücsüzlüklərini isbat edir. Yəni təəssüflə qeyd etməliyik ki, onları heç siyasi maraqlarının da nədən ibarət olduğu bəlli deyil. Bayaq da dediyim kimi, ortada yalnız şəxsi maraqlar dayanır və bu maraqlar nə dövlətin, nə də xalqın maraqlarına heç bir cavab vermir Radikal qrupların boykot qərarı onların zəifliklərinin etirafıdır".

"Daha bir reallıq budur ki, onlar həm də elektoratsızlıqdan, sosial bazasızlıqdan ciddi şəkildə çəkinirlər", deyən Bəhruz Quliyev hesab edir ki, məhz bu amil də radikal, dağıdıcı qrupların seçkilərə qatılmaq cürətsizliklərini ortaya qoyur: "Ona görə də, necə deyərlər özlərini sudan quru çıxarmaq üçün boykot kimi qərarlar verib, həmin vasitə ilə siyasi rüsvayçılıqlarını gizlətməyə cəhdlər göstərirlər. Lakin sağlam düşüncəli cəmiyyət də görür ki, kim-kimdir və əlbəttə ki, radikal qrupların bu kimi qərarlarını qeyri-ciddilik kimi qəbul edir".

Bütün xəbərlər Facebook səhifəmizdə