Ermənistanı hakimiyyət uğrunda çox ciddi siyasi mübarizə gözləyir - ÖZƏL AÇIQLAMA

Ermənistandakı daxili-siyasi vəziyyət günü gündən ağırlaşmaqdadır. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Paşinyan artıq açıq şəkildə özünün əsas siyasi rəqibi və bir çox hallarda düşməni kimi məhz "Qarabağ klanı"nı gördüyünü gizlətmir: “Bu xüsusda onun özünün əsas siyasi rəqibi olan Köçəryanı həbs etdirməsi, indi də hakimiyyətdən devirdiyi Sarkisyana qarşı cinayətin artması prosesi başlaması və elə onu da Köçəryan istiqamətinə göndərməyə hazırlaşması bir daha onu göstərir ki, Ermənistanda hal-hazırda kimin kiminsə uğrunda mübarizə gedir. Ya Paşinyan öz siyasi rəqiblərini, yəni Qarabağ klanını tamamilə siyasi səhnədən uzaqlaşdıracaq, ya da Qarabağ klanı özünün çox geniş maliyyə imkanlarından istifadə edib, eyni zamanda Paşinyanın ölkədə getdikcə reytinqinin kifayət qədər aşağı düşməsi reallığından qaynaqlanaraq Paşinyanı zərərsizləşdirəcəklər”.

E.Nəsirov vurğulayıb ki, bu baxımdan Ermənistanda getdikcə, xüsusilə də, 2020-ci ildə çox ciddi siyasi kataklizmlərin baş verəcəyini indidən proqnozlaşdırmaq olar: “Eyni zamanda da Paşinyan özünü demokrat kimi təqdim etsə də, reallıqda onun anti demokrat olduğu heç kimdə şübhə doğurmur. Xüsusilə də özünün siyasi rəqiblərinə qarşı son dərəcə amansız olması faktı kontekstində Ermənistanda bunu söyləyənlərin sayı kifayət qədər artıb. Hesab edirlər ki, Paşinyan əslində rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə deyil, bu ad altında öz siyasi rəqiblərini siyasi arenadan uzaqlaşdırmaqla onları neytrallaşdırmaq xəttini seçib. Bunun isə heç bir halda demokratiya ilə əlaqəsi yoxdur. İndidən bir daha qeyd edirəm ki, Ermənistan siyasi dairələrində və eyni zamanda Ermənistan ictimai fikrində artıq belə bir hazırlıq prosesi gedir ki, qarşıda Ermənistanı hakimiyyət uğrunda çox ciddi siyasi mübarizə gözləyir və həmin mübarizədə erməniləri ən çox narahat edən cəhət odur ki, cırtdan dövlət Ermənistan daha da zəifləyəcək. Xüsusilə də Azərbaycanın bütün parametlər üzrə inkişafı fonunda bu Ermənistana olduqca qaranlıq bir perspektiv vəd edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə