"Ter-Petrosyan Paşinyan hakimiyyətinin "boz kardinalı”dır" ŞƏRH-ÖZƏL

“Ter-Petrosyanın vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair irəli sürdüyü planı hazırkı baş nazir Nikol Paşinyan özü üçün əsas götürə bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, bunun üçün yetərli səbəblər var: "Paşinyanla Ter-Petrosyanın çox yaxın dostluğu, şəxsi münasibətləri var. Ter-Petrosyan Paşinyan hakimiyyətə gələndə ictimaiyyətə açıq məktubla müraciət edərək onu dəstəkləyib. Paşinyan baş nazir olandan sonra hökumət iqamətgahında onlar dəfələrlə görüşüblər. Bu görüşlər mediaya açıq olub. Bununla yanaşı, onların mütəmadi xarakter alan, mediaya qapalı olan, gizli görüşləri də olur. Hətta Ter-Petrosyan Paşinyanın müəllimi, yol göstərəni, məsləhət verəni kimi də qəbul edilir. Bunun mühüm səbəblərindən biri hər iki şəxsin xaricdəki erməni diasporu tərəfindən dəstəklənməsidir".

Politioloq söyləyib ki, "Qarabağ klanı”nın nümayəndələri hesab olunan Robert Köçəryan və Serj Sarkisyan daha çox Rusiyadan dəstək alıblar: "Məhz "Qarabağ klanı” vasitəsilə Ter-Petrosyan hakimiyyəti devrilib. Beləliklə, Rusiya Ermənistanı nəzarətə götürüb, xaricdəki erməni diasporunun hakimiyyətə müdaxiləsinin qarşısını alıb. İllər sonra xarici diaspor təşkilatlarının və güc mərkəzlərinin, o cümlədən ABŞ və Fransanın dəstəklədiyi N.Paşinyan Ermənistanda "Qarabağ klanı”nı devirərək hakimiyyətə yiyələnib. Hazırda Rusiyanın dəstəklədiyi Sarkisyan və Köçəryan Ermənistanda Paşinyan və Ter-Petrosyana qarşı cəbhə açıblar".

N.Məmmədova qeyd edib ki, xarici güc mərkəzlərinə, diaspor təşkilatlarına Paşinyanın təqdimatını məhz Ter-Petrosyan verib: "Bu təqdimatın, tövsiyənin nəzərə alınması nəticəsində Paşinyan hakimiyyətə gətirilib. İndi isə Ter-Petrosyan Ermənistan hakimiyyətinin "boz kardinalı” hesab olunur. Özü bilavasitə üzdə olmur, görünmür, lakin Paşinyana məsləhət və tövsiyələr verir. Ona görə də, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Paşinyanın mövqeyi ilə bağlı Köçəryanın və Zurabyanın səsləndirdiyi iddialar şübhə yaratmır. Paşinyanın Azərbaycana qarşı davranışları diplomatik demarşdan başqa bir şey deyil. O sadəcə danışır, boş-boş bəyanatlar verir. Bu bəyanatların arxasında isə real güc dayanmır. Ali baş komandan statusu daşımasına baxmayaraq, Paşinyan Ermənistan ordusuna tam nəzarət etməyi də bacarmır. Bu kimi səbəblərdən Paşinyan müqavilə əsasında muzdlu ordu formalaşdırmağı, Dağlıq Qarabağda keçiriləcək "seçkilərdə” öz adamını "hakimiyyətə” gətirməyi planlaşdırır. O, yalnız bu niyyətlərini həyata keçirəndən sonra Ter-Petrosyanın vaxtilə təklif etdiyi həll planının reallaşdırılması istiqamətində nə isə addım ata bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə