Ümummilli Lider yaddaşlarda yaşayır TƏHLİL

Tarix təsdiq edir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycan xalqının da tarixində, taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olub ki, bu şəxsiyyətlər gördükləri böyük işləri və əməlləri ilə yadda qalıb, unudulmayıblar. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Təhlükəsizlik orqanları sistemində çalışan, 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyən, general-mayor rütbəsinə qədər yüksələn Heydər Əlirza oğlu Əliyev 1969-cu il iyul plenumunda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib. SSRİ-nin rəhbərlərindən biri olan Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi də xalqın yaddaşındadır və yüksək qiymətləndirilir.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu, xilaskar, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb

Qeyd olunduğu kimi Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları olub, lakin milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır ki, məhz bu səbəbdən də Heydər Əliyev xalqımızın Ümummilli Lideri olaraq yaddaşlarda yaşayır. Bu dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixində, taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda, ən çox və ən misilsiz xidmətlər göstərən Heydər Əliyev olduğuna görə o, xalqımızın milli iftixarı, ürəklərdə özünə yer tapan milli lider, böyük Azərbaycanlıdır.

Heydər Əliyev təkcə Azərbaycan deyil, dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi və bu bacarıq onda fitrən olub. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri olan lider idi və o, beynəlxalq səviyyədə düşünməyi, təhlillər aparmağı hamıdan yaxşı və yüksək səviyyədə bacarırdı. Bu məqamlar onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.

Bəsirət, irəlini görmək nadir bir hissdir və siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Bu keyfiyyətlər yalnız seçilmiş adamlarda, dahi siyasətçi Heydər Əliyev kimi zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərdə olur. Məhz bu keyfiyyətlər, analitik düşüncə tərzi, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə Ulu Öndər ətrafdakıları hər zaman heyrətləndirib.

Siyasətçilər Ümummilli Lideri "liderlərin lideri" adlandırmaqda həqiqətən də haqlıdırlar

Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab olunur. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi əbəs yerə deyildi ki, xarizmatik lider, fenomenal şəxsiyyət adlandırılıb. Universal bilik, qətiyyət, işgüzarlıq, qeyri-adi yaddaş, tükənməz səbr, müsahibini təmkinlə dinləmək bacarığı, uzaqgörənlik, müdriklik kimi keyfiyyətlər Ulu Öndərə məxsus idi və bu səbəbdən də onu bütün dünya fenomenal və xarizmatik dahi kimi qəbul edirdi. Ümummilli Liderin atdığı addımlar, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi ətraflardakıları heyrətləndirirdi və bu baxımdan onun siyasət aləminin patriarxı adını qazanması belə heç də təsadüfi deyildi. Dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf da edirdilər. Siyasətçilər bu dahi insanı "liderlərin lideri" adlandırmaqda bu mənada da həqiqətən haqlıdırlar.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırdığı, hərtərəfli inkişafı təmin etdiyi, müstəqilliyi əbədi və dönməz etdiyi günün reallığıdır. Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Müstəqil Azərbaycan Respublikasının 1993-cü ildə Prezidenti seçilən Heydər Əliyev qısa bir müddət ərzində çox güclü, səriştəli, təcrübəli fəaliyyəti sayəsində xarici siyasət sahəsində də böyük dönüş yaratdı. Məhz bu baxımdan da dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. Ən çətin anlarda belə milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilən Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirirdi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu dahi insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi olaraq reallığa çevrildi və bu gün ölkəmiz bunun bəhrəsini görməkdədir.

Ulu Öndərin bu siyasətinin uğurlarını Azərbaycan bu gün hiss edir, onunla yaşayır və faydalanır

Bu gün ölkəmiz Ulu Öndərin bu siyasətinin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ümummilli Liderin layiqli siyasi varisi və davamçısı Cənab Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Çünki Heydər Əliyev siyasəti Azərbaycanı dinamik şəkildə işkişaf etdirir və yalnız gələcəyə istiqamətləndirir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə artıq sınaqdan çıxıb və öz təsdini tapıb.
2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib və uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Ulu Öndər 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Məhz həmin gündən dekabrın 12-si xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Allah rəhmət eləsin!

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə