Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir

"Bu gün Ulu Öndər Heydər Əliyevin anım günüdür. Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına, yüksəlişinə, Azərbaycan xalqına sərf edib". Bunu SİA-ya açıqlamasında YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Heydər Əliyev həm hakimiyyətdə olduğu birinci dövrdə, həm də hakimiyyətinin ikinci dövründə Azərbaycan xalqı, dövləti üçün çox önəmli siyasət adamı, dövlət başçısı olub: “Bu gün də əldə etdiyimiz uğurlarda biz hara baxsaq Heydər Əliyevin fəaliyyətini, əməlini görürük. Əgər biz Ulu Öndərimizin fəaliyyətini səciyyələndirsək saysız arqumenti, böyük nemətləri görərik".

A.Hüseynov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin yaratdığı böyük bir siyasi partiyadır ki, bu gün Azərbaycan xalqının etimadını doğruldur: “Heydər Əliyev Müstəqil Azərbaycan dövlətini qurub və müstəqil Azərbaycan dövləti Onun şah əsəridir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələnə qədər ölkədə böyük xaos, özbaşınalıq var idi. Xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra bütün bu halların qarşısını aldı. Ölkənin inkişaf perspektivlərini müəyyənləşdirdi, stabillik yaratdı və Heydər Əliyev sayəsində 1994-cü ildə “Əsrin Müqaviləsi” bağlandı. 1995-ci ildə demokratik seçkilərə söykənən Parlament seçkiləri keçirildi. Konstitusiya qəbul olundu”.

Deputat sonda vurğulayıb ki, bütövlükdə biz hara baxsaq bugünkü uğurlarımızın əsasında Heydər Əliyevin yaratdığı, qurduğu dövlətin, apardığı dərin siyasətin bəhrəsini görürük: “Bu gün cənab prezident İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Heydər Əliyev siyasətini və onun qarşıya qoyduğu məqsədi çox yüksək tərzdə həyata keçirən ölkə Prezidenti və onun sağlam komandası var. O sağlam komandada birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etməliyik. Mehriban xanım həm birinci vitse-prezident olaraq, həm də Heydər Əliyev Fondunun prezidenti olaraq çox önəmli fəaliyyət nümayiş etdirir. Bu da Heydər Əliyevin ideyalarının, irsinin yaşaması istiqamətində atılan addımların bir nümunəsidir. Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayacaq!”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə