"Kim vətəndaşların rifahı üçün çalışırsa, onlar da parlamentdə təmsil olunacaqlar" ŞƏRH-ÖZƏL

“Ölkəmizdə həm iqtisadi, həm kadr, həm də ümumiyyətlə hərtərəfli ishalatlar gedir. Həyata keçirilən islahatların əsas məramı ölkənin təhlükəsizliyinin qorunması, eləcə də vətəndaşlarımızın rifahından ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

O bildirib ki, bu istiqamətdə atılan addımlardan tək icraçı orqanları deyil, eyni zamanda qanunverici orqanının da dəyişdirilməsini labüd edir.

Onun sözlərinə görə, parlamentin yenilənməsi ilə bağlı ola bilsin ki kimlərsə fərqli yanaşma sərgiləsin: “Amma ümumilikdə Milli Məclisin işlək olmaması ilə bağlı fikir irəli sürmək inandırıcı deyil. Prezident İlham Əliyev parlamentin 100 illik yubileyi ilə bağlı keçirilən tədbir nitqində də bildirmişdi ki, Milli Məclisdən Birinci Vitse-prezident, komitə sədri, neçə-neçə nazirlər, icra başçıları təyin olunub. 125 millət vəkilinin öz siyasi əqidəsi, məsləkinə uyğun olaraq danışanı, danışmayanı olub. Lakin bütün parlamentin fəaliyyətinə kölgə salmaq düzgün deyil”.

A.Nağıyev düşünür ki, növbədənkənar parlament seçikilərinin keçirilməsi ölkədə həyata keçirilən islahatların məntiqi davamıdır: “Qanunverici strukturları ilə icra orqanlarının fəaliyyətinin üst-üstə düşməsi ilə bağlı bu sahədə də islahatlara ehtiyac var”.

Ekspert vurğulayıb ki, əsas məsələ seçkilərdə iştirak edəcək namizədlərin seçicilərin səslərini toplamasıdır: “Hamı bilir ki, parlament təyin olunmur, millət vəkilləri seçilir. Kim vətəndaşların rifahı üçün çalışırsa, əlbəttə ki, onlar parlamentdə təmsil olunacaq. Ölkənin hakim Yeni Azərbaycan Partiyasının rəhbər vəzifəli şəxsləri tərəfindən seçki ilə bağlı bəyanatlarından da görünür ki, onlar seçkilərə ciddi şəkildə hazırlaşırlar. Hakim partiya tərkib hissələrinin dəyişdirilməsi prosesində Azərbaycan üçün lazım olan şəxslərə önəm verəcəyi haqqında da fikirlərini də açıqlayıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə