"Vətəndaşların probleminə həssas münasibət dövlətin niyyətini ortaya qoyur" ŞƏRH-ÖZƏL

"Azərbaycan Respublikasının vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması dövlətin sosial inkişaf konsepsiyasına daxil olan əsas prioritet məsələdir. Prezident İlham Əliyevin son dövrlərdə silsilə şəkildə imzaladığı fərman və sərəncamlar da həmin inkişaf konsepsiyasının uğurla həyata keçirildiyini göstərir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, bu addımlar həqiqətən də əhalinin bütün təbəqələrini, ən çox da ehtiyacı olan, kövrək təbəqələri əhatə edir: "Bütün bunlar Azərbaycanda 1993-cü ildən bəri həyata keçirilən islahatların növbəti mərhələsidir. Cənab Prezidentin özünün də qeyd etdiyi kimi, bugünədək Azərbaycanda aparılan islahatlar 3 mərhələni əhatə edib: 1993-2003, 2003-2013 və 2013-2019-cu ilə qədər olan dövr. Prezident İlham Əliyev 2018-ci ilin aprel seçkilərinə gedərkən islahatlar paketi vəd etmişdi və artıq bunlar uğurla yerinə yetirilməkdədir, bu sənədlər Prezidentin vəd etdiyi islahatlar paketinin bir hissəsidir".

Politoloq vurğulayıb ki, ölkə başçısının yalnız bir marağı var, o da əhalinin rifah halının yaxşılaşdırılması, vətəndaş məmnunluğunun artırılması, xalq - dövlət birliyinin ən ali səviyyəyə yüksəldilməsi, dövlət-vətəndaş münasibətinin keyfiyyətcə yeni mərhələyə daxil olmasıdır: "Dövlət nəzərə alır ki, onun vətəndaşı nə qədər yaxşı yaşayarsa, vətəndaşın sosial durumu, rifah halı nə qədər yaxşı olarsa, vətəndaş da o qədər dövlətinə və onun başçısına daha çox etimad göstərər, xarici, yaxud onların nəzarətində olan daxili qüvvələrin təxribatçı çağırışlarına, təhrikedici addımlarına biganə olar və onların təsirinə düşməz. Bu da həm dövlətin, həm də vətəndaşın mənafeyinə uyğun olan addımlardır. Digər təqdirəlayiq hal odur ki, Prezident İlham Əliyev bunun davamlı proses olacağını göstərir. Yəni islahatlar, əhalinin sosial durumunun yaxşılaşdırılması bununla bitmir, proseslər hələ davamlı xarakter alacaq və getdikcə əhlinin güzəranının yaxşılaşmasının şahidi olacağıq".

Bölgəmiz çox mürəkkəb bir dövrə qədəm qoyduğunu deyən N. Məmmədova qeyd edib ki, müxtəlif xarici qüvvələr həm də əhalinin ayrı-ayrı təbəqələrindən müxtəlif məqsədlər üçün istifadə etməyə çalışa bilərlər: "Lakin Azərbaycan xalqı bu məsələdə daima öz dövlətinin, prezidentinin yanındadır. Çünki dövlətin başçısı öz vətəndaşına diqqət və qayğı ilə yanaşır. Dövlət hər an vətəndaşının yanındadır, ən kiçik problemdən tutmuş istənilən narahatedici məsələdə problemin həllinə çalışılır. Bu, Azərbaycanda daxili sabitliyin başlıca şərtidir və heç bir qüvvə bu birliyi sarsıda bilməz. Şamaxıda, Zaqatalada və digər bölgələrimizdə təbii fəlakətlər zamanı dövlət ən qısa zamanada zərərçəkmiş şəxslərə yardım edərək, onların problemlərini həll edib. Halbuki, Ermənistan 1988-ci ildə baş vermiş zəlzələyə görə indiyədək dünyadan ianələr dilənir, təbii fəlakətlərin nəticəsini aradan qaldırmaqda acizdir. Eləcə də, İran, Türkiyə kimi ölkələr belə bu məsələləri qısa müddətdə həll edə bilmir. Azərbaycan təbii fəlakətlərin nəticəsini aradan qaldırmaq potensialına görə ən inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər. Şamaxıda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və ölkə başçısının şəxsən bu prosesi nəzarətdə saxlaması, dəfələrlə təbii fəlakətdən zərər çəkmiş ailələrə baş çəkməsi də bunu bir daha sübut etdi".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə