YAP ağacəkmə kampaniyasında fəal iştirak edib TƏDBİR-FOTOLAR

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyası Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu təşəbbüsünə qoşularaq dekabrın 6-da ölkə üzrə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib.

Yeni Azərbaycan Partiyasının rəhbərliyi və fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı yolunda yerləşən Pirəkəşkül ərazisində keçirdiyi bu kampaniya çərçivəsində minlərlə ağac əkmişlər.

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov bu günü Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandıraraq qeyd edib ki, Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək.

Əli Əhmədovun sözlərinə görə, vətəndaşlar Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyə ilə qarşılayırlar: “Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq".

Əli Əhmədov qeyd edib ki, bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq: "Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq. YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər layihə də həyata keçirir. Bu, əkilən ağaclara qulluq edilməsinin monitorinqinin keçirilməsi ilə bağlıdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə