TANAP region üçün ən böyük layihədir

Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi və eləcə də onun elementi olan TANAP yeni bir mərhələyə qədəm qoydu. Bunu SİA-ya müsahibəsində iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspertin sözlərinə görə, artıq TANAP Avropa sərhəddinə qədər uzanıb və bu isə o deməkdir ki, artıq Azərbaycan öz mavi qazını yalnız Türkiyə deyil həm də Avropa bazarına da nəql etmək imkanlarına malikdir.
“Xüsusən TAP-ın icrasının 90 faizini yerinə yetirməsi ondan xəbər verir ki, növbəti il artıq Azərbaycan mavi qazının Avropa bazarına çıxarılması praktik olaraq reallaşacaq. TANAP Azərbaycan üçün, eləcə də bütövlükdə region üçün vacib layihələrdən biridir. Əvvəla, Azərbaycan TANAP vasitəsilə Türkiyə bazarına, əlavə olaraq 7 milyard kubmetrə yaxın mavi yanacaq nəql etmək imkanı qazanıb. Eyni zamanda artıq icrası, tikintisi başa çatmaqda olan TAP layihəsi vasitəsilə isə Azərbaycan Avropa bazarına birinci mərhələdə 10, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Bütövlükdə Avropa və Türkiyə bazarına çıxarılan mavi qazın həcmi 31,5 milyard kub metrə qədər yüksələcək.

Cənub Qaz Dəhlizi və eyni zamanda TANAP Azərbaycan üçün strateji mövqeyini daha da möhkəmləndirmək baxımından geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır və Azərbaycanın regiondakı rolunu və mövqeyini göstərən bir layihədir. Eyni zamanda Azərbaycanın dövlət gəlirlərinin artmasına birbaşa təsir göstərəcək Cənub Qaz Dəhlizi Azərbaycana mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir gətirəcək. Bu isə təbii ki, Azərbaycanın dövlət gəlirlərinin və artıq yeni bir mərhələdən mavi qaz satışından əldə edilən valyuta hesabına formalaşması anlamına gəlir və praktik olaraq ölkəyə daxil olan valyutanın həcminin artmasına imkan verəcək”, deyə ekspert bildirib.

İqtisadçı alim qeyd edib ki, TANAP region üçün və xüsusən, bizim tərəfdaş ölkələr olan Türkiyə və Gürcüstan üçün vacib layihədir.

“Gürcüstan tranzit ölkədir. Türkiyə mavi qaz idxalında asılılığını aradan qaldırır və xüsusən Azərbaycan Türkiyə mavi qaz ixracatında ikinci ən böyük ölkəyə çevrilmək niyyətindədir və Azərbaycan, Gürcüstan, Türkiyə strateji əməkdaşlığının daha da gücləndirilməsinə təkan verir. Bütövlükdə, TANAP Türkiyənin enerji təhlükəsizliyinin formalaşmasına, Cənub Qaz Dəhlizi isə Türkiyə ilə yanaşı Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən bir layihədir. Cənib Qaz Dəhlizi Avropa üçün yeni alternativ mənbədir və təbii ki, Avropanın enerji təhlükəsizliyinin, enerji xəritəsinin yenidən işlənməsində xüsusi paya malikdir”, deyən iqtisadçı-ekspert layihənin regional əhəmiyyətini də sadalayıb.

V.Bayramov layihənin Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşdığını da vurğulayıb.
“Etiraf etmək lazımdır ki, TANAP daxil olmaqla Cənib Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verdi. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, Cənib Qaz Dəhlizi ilə bağlı müzakirələr aparılan zaman bu layihənin reallaşacağına çoxları ümid etmirdi. Layihənin smetası böyük idi, maliyyələşmə məsələləri var idi. Amma bütün bunlara rağmən Azərbaycanın dəstəyi hesabına region üçün ən böyük layihə reallaşdı. Birmənalı şəkildə, Azərbaycanın təşəbbüsü, dəstəyi olmasaydı Cənub Qaz Dəhlizinin reallaşması mümkün deyildi. Bu layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əməkdaşlığı daha da gücləndirdi, maliyyə imkanlarının stabil olduğunu və praktik olaraq hərhansı bir yubanma olmadan maliyyələşdirmənin həyata kecirməsini təmin etmiş oldu. Bu baxımdan da birmənalı şəkildə TANAP və bütövlükdə Cənub Qaz Dəhlizi Azərbaycanın region üçün reallaşdırdığı bir təşəbbüsdür və bütövlükdə region hələ uzun müddət ölkə Prezidentinin siyasi iradəsi nəticəsində artıq reallaşmış bu təşəbbüsdən faydalana biləcək və xeyli sayda ölkələr bu təşəbbüsdən faydalanaraq enerji təhlükəsizliyini formalaşdırmış olacaq”, deyə iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...