"Müstəqil Azərbaycan tarixində yeni bir ənənənin əsasını qoyuruq" - AÇIQLAMA

"Bu gün biz qeyri-adi bir məsələni müzakirə edirik. Müasir və müstəqil Azərbaycan tarixində yeni bir ənənənin əsasını qoyuruq. Parlament öz təşəbbüsü ilə parlamentin buraxılması mexanizmini işə salmaq üçün toplaşıb və müzakirə aparır. Hesab edirəm ki, bu qərarı verməklə Azərbaycanın siyasi həyatında yeni bir ənənənin, yeni bir mədəniyyətin tətbiqinin əsasını qoymuş olur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Azay Quliyev deyib.

O, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və parlamentdə təmsil olunan deputatlarının təşəbbüsünün bu vaxtda irəli sürülməsini təqdirəlayiq hal olduğunu bildirib: “Həmkarlarımın da qeyd etdiyi kimi, belə bir təşəbbüs heç şübhəsiz ki, Azərbaycanda həyata keçirilən islahatların ruhuna və trendinə uyğun olan yeni bir parlamentin formalaşmasına şərait yaradacaq. Heç şübhəsiz ki, həmin islahatların da qanunvericilik səviyyəsində töhfələr verməsi üçün əlavə imkanlar əldə olunacaq. Yeni Azərbaycan Partiyası bu təklifi irəli sürən zaman kifayət qədər fikirlərini açıq şəkildə bildirmiş, arqumentlərini qeyd etmiş və hansı motivlərlə çıxış edərək belə bir təşəbbüsün irəli sürülməsini ifadə edib. Məncə, bu barədə danışmağa ehtiyac yoxdur”.

Azay Quliyev qeyd edib ki, bu gün YAP çox böyük cəsarətlə islahatlara yeni nəfəs vermək, parlamentə üzv olan deputatların mandatının yenilənməsi üçün xalqa müraciət etmək qərarına gəlib: " Bu, onunla izah olunmalıdır ki, hazırda həyata keçirilən islahatlara xalqın da dəstəyini bir daha qazanmaq və bu dəstəyin parlament səviyyəsində ehtiva olunmasına nail olmaqdan ibarətdir. Şübhə etmirəm ki, YAP-ın məhz seçki öncəsi əsas şüarlarından biri islahatlarla bağlıdır. Cənab prezident tərəfindən həyata keçirilən bu islahatlara vətəndaşların, seçicilərin bir daha dəstəyini qazanması ilə bağlı çağırışlarla əlaqədar olacaq. Hesab edirəm ki, erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsü həm də ona imkan yaradacaq ki, qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında daha dəqiq balansın formalaşması və tənzimlənməsi həyata keçirilsin. Əlaqə və əks-əlaqə bugünkü günümüzün tələblərinə uyğun şəkildə təşkil edilsin. Bir məsələni də unutmamalıyıq ki, YAP dünya təcrübəsinə əsasən belə bir təşəbbüslə çıxış edir və özünün parlamentdə təmsil və əldə etdiyi səs çoxluğundan isifadə edərək gələcək strateji hədəflərinə çatmaq və milli maraqlarımızın təmin edilməsi üçün belə bir təşəbbüs irəli sürüb. Hansı ki, bu da təqdir olunmalı və dəstəklənməlidir”.

Deputat hesab edir ki, qəbul olunacaq bu qərar bütövlükdə Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qurumların, partiyaların maraqlarına uyğundur və parlamentdə iştirak edən və təmsil olunan siyasi partiyaların nüayəndələri də bu təşəbbüsü dəstəkləyəcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...