"Prezidentin illərdir apardığı böyük siyasətin nəticəsini görürük"

"Cənab Prezidentin illərdir apardığı böyük siyasətin nəticəsini görürük". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

Deputat bildirib ki, bu siyasəti cənab Prezident hakimiyyətə gəldiyi ilk gündən başlayıb: “İlham Əliyev Ulu Öndərin miras qoyduğu siyasəti davam etdirərək daha yüksək səviyyəyə qaldırıb. Yüksək səviyyə dedikdə yeni dünya sisteminə, dünya çağırışlarına, dünyada olan hazırki vəziyyətə cavab olaraq qarşımızda ölkəmizin inkişafı üçün yeni məqsədlər qoyub. Azərbaycanın məhz lazım olan geosiyasi xəritədə öz nüfuzlu yerini təmin etmək üçün bir çox addımlar atılıb. Bu siyasəti də məhz Ulu Öndər Heydər Əliyev başladıb. Belə ki, Bakı-Tibilisi-Ceyhan layihəsinin həyata keçirilməsi o dövr üçün böyük əhəmiyyət kəsb edirdi. Heydər Əliyev burada digər dövlətlərin maliyyə, iqtisadi, siyasi maraqlarını cəmləmişdi və bu o demək idi ki, Azərbaycanda sabitlik davamlı olaraq qalacaq və qorunan bir dövlət olacaq”.

A. Mustafazadə qeyd edib ki, cənab prezident İlham Əliyev də bu siyasəti davam edərək digər bir əhəmiyyətli layihəni meydana çıxarmaq üçün qarşısına məqsəd qoydu: “Avropa ilə Rusiya arasında siyasi baxımdan soyuqluq yarandı, lakin Avropanın Rusiyadan Ukrayna vasitəsilə aldığı qazın alternativi yox idi. Alternativ olaraq cənab Prezident yeni layihələr ərsəyə gətirdi. Xüsusən də Azərbaycan məkanında Xəzər dənizində qaz rezervləri tapıldıqdan sonra, bu böyük transmilli layihələr yenə də Azərbaycanı iqtisadi-siyasi baxımdan aktiv bir ölkə olaraq dünya xəritəsində nişanladı”.

Sonda isə deputat vurğulayıb ki, amma Azərbaycan bununla kifayətlənməyib və ordu quruculuğuna böyük investisiyalar qoyub: "Ordu ən yüksək texnologiyalara malik silahlarla təchiz olunub. Bu gün Azərbaycan ordusu Qafqaz regionunda ən güclü orduya malikdir. Cənab Prezident digər böyük layihələrin - TANAP, TAP layihələrinin təşəbbüskarı olub. Azərbaycan həm də İran-Rusiya arasında körpü rolunu oynayaraq, Şimal-Cənub dəhlizinin açılmasının təşəbbüskarı olub. Bu da Azərbaycanın böyük nüfuza malik olduğunu göstərib. Azərbaycan bir zamanlar Türkiyə və Rusiyanın arasında yaranmış soyuqluğun aradan götürülməsi üçün yüksək səviyyədə diplomatik səy göstərərək vasitəçi olub. Bütün bunlar hamısı Azərbaycanın nüfuzundan xəbər verir. Artıq Azərbaycan İslam Dövlətləri Birliyində, Avropa Şurasında və Avropa İttifaqında nəinki üzv, həmçinin öz sözünü deyən bir ölkədir. Azərbaycanın nüfuzunun göstəricisi olaraq bu kimi bir çox məqamları sadalamaq olar".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...