"AXC-Müsavat hakimiyyəti Heydər Əliyevin nüfuzundan o dərəcədə qorxurdu ki..." Siyavuş Novruzov

"AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət və güc ritorikasını cəmiyyətdə onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi". SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı AXC-Müsavat hakimiyyətinin çirkin əməlləri haqda danılmaz faktları açıqladı.

S.Novruzov vurğulayıb ki, AXC-Müsavat cütlütyü Ulu Öndər Heydər Əliyevin həm beynəlxalq, həm də ölkədaxili nüfuzundan o dərəcədə qorxurdular ki, onun rəhbərliyi altında yaradılacaq Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirmək üçün Bakı şəhərində yer ayırmadılar: “Məlum olduğu kimi, 500-dən çox nümayəndə olduqca çətin şərtlər altında, blokada şəraitnində olan Naxçıvana yollanaraq təsis konfransını orada keçirməyə nail oldular. Onlar hətta Heydər Əliyevin hüquqlarını müdafiə komitəsinin mətbuat konfransına o dövrün daxili işlər nazirinin himayəsində olan “Bozqurd”çuların basqınını təşkil edərək görkəmli akademiklərimiz Fərəməz Maqsudov və Ziya Bünyadova güc tətbiq etmiş, həbsə atmışdılar”.

Deputat vurğulayıb ki, ölkədə terror və qorxu mühiti yaratmaq üçün “xüsusi səlahiyyətlər” verilmiş o dövrün Daxili İşlər naziri İsgəndər Həmidovun müxalif partiyaların televiziya debatı zamanı studiyaya etdiyi basqın, müxalif partiya liderinin döyülərək avtomobilin yük yerinə salınması, baş redaktora qəzet yedizdirilməsi, cənub zonasında dinc sakinlərə qarşı həyata keçirilmiş “subtropik əməliyyatı” AXC-nin “demokratik idarəçiliyinin” yalnız bəzi nümunələridir: “Kriminogen durum o qədər gərginləşmişdi ki, başına 10 nəfər silahlı toplayan hər kəs Bakıda və əyalətlərdə hüququ və qanunu əvəz edirdi. İmkanlı şəxslərin evlərinə polis tərəfindən qanunsuz baxışlar həyata keçirilir, bəzən isə açıq şəkildə talanırdı.

Belə idarəçiliyin faciəli nəticələri özünü çox da gözlətmədi. Ermənistanla aparılan müharibədə ciddi məğlubiyyətlər və itkilər ard-arda gəlməyə başladı. 1993-cü ilin aprelində müharibənin sonrakı gedişatına birbaşa öldürücü təsir göstərəcək mühüm strateji əhəmiyyətli Kəlbəcər rayonu itirildi.

Bütün bu faciələrin birbaşa günahkarlarından olan Əli Kərimli indi “cəsarət”, “sədaqət” və s. bu kimi ali kateqoriyalardan dəm vurur.

Əvvəlcə “sədaqət” barədə. AXC hakimiyyətinin funksionerlərinin böyük əksəriyyəti Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçiləri və ya əməkdaşları idi. Lakin hakimiyyətə gəldikdən sonra ilk işlərindən biri AMEA-nı bağlamaq və ləğv etmək istiqamətində cəhdlər göstərmək oldu. Yalnız ölkənin elmi ictimaiyyətinin ciddi etirazlarından sonra bu üzdəniraq təşəbbüsün qarşısı alındı. Yəqin ki, bu cəhdin səbəbi uzun illər bu qurumda çalışaraq ortaya heç bir sanballı elmi əsər qoya bilməyən cəbhəçilərin bu idarədən almaq istədikləri qisas hissindən qaynaqlanırdı.

Bəzən AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir ilin bütün əsas problemlərin mənbəyi kimi göstərilməsinə qarşı çıxılır. Halbuki, bəzən nəinki bir il, hətta bir ay və bir həftə belə bir xalqın tarixində taleyüklü rol oynaya bilər.

Əli Kərimlinin isə fərdi sədaqət hissini yəqin ki, Azərbaycan cəmiyyətində bilməyən yoxdur. “Xəbərçilik” fəaliyyətinə BDU-da komsomol katibi olduğu zaman rektora göstərdiyi xüsusi xidmətlərlə başlayan bu şəxs dostlarını sataraq özünə karyera quranlardandır. Daha sonrakı mərhələdə mənsub olduğu siyasi təşkilatın qarşısında səcdə etdiyi liderinə xəyanət edərək onun haqqında mətbuata rüsvayedici məlumatlar ötürməyə başladı. Məqsəd onu devirib təşkilat rəhbəri olmaq idi. Sonradan zamanla bu pis vərdişini daha da “inkişaf” etdirərək, öz ölkəsindən qərb dövlətlərinə və beynəlxalq təşkilatlara çuğulçuluq etməyə başladı. Görünür, bu xarakter onda daimidir və atalar demişkən - qozbeli qəbir düzəldər".trend

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...