"Moskva səfəri əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir” ŞƏRH-ÖZƏL

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri regionun gələcək mənzərəsi, Azərbaycanın daxili və xarici siyasəti baxımından çox böyük əhəmiyyətə malikdir. Mehriban Əliyeva sadiq davamçısı olduğu Heydər Əliyev siyasi kursunun görkəmli nümayəndəsi olduğunu hər zaman isbat etməkdədir və dünya siyasətində əsas söz sahiblərindən biri olan Rusiya ilə hazırda da münasibətlərimizin inkişafının dönməz, dayanıqlı və davamlı əsaslara söykənməsi də bunu bir daha sübut edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

O bildirib ki, vaxtilə Ümummilli Lider Heydər Əliyev də ilk rəsmi səfərini Fransaya etmişdi: “Mehriban xanım Əliyeva da bu ənənəyə sadiq qalaraq, bu ilin mart ayında Birinci vitse-prezident statusundakı ilk xarici səfərini Fransa Respublikasına etdi. Azərbaycan Respublikasının ikinci ali vəzifəli şəxsi növbəti rəsmi səfərini də eynilə, Ümummilli lider Heydər Əliyev kimi Rusiya ilə bağladı. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin dekabr ayında MDB Dövlət başçıları Şurasının iclasına qatılmışdı. Xanım Əliyevanın Moskvaya rəsmi səfəri, xüsusilə də onun Rusiya prezidenti Putinlə nəzərdə tutulan görüşü böyük əhəmiyyət kəsb edir. İnanmaq olar ki, bu görüş Azərbaycan daxili və xarici siyasətində böyük təsirə malik olacaqdır. Xüsusilə də, Mehriban Əliyevanın liderlik etdiyi islahatlar kursuna Rusiyanın dəstəyi vacibdir və prosesin uğurunun təminatlarından biridir. Rusiya baş naziri Dmitri Medvedyevlə ikitərəfli rəsmi görüş, habelə onuncu Rusiya-Azərbaycan regionlararası forumda iştirak da diqqət mərkəzindədir”.

Politoloq söyləyib ki, Rusiya və Azərbaycanın ali vəzifəli şəxsləri olan Matvienko və Mehriban xanım Əliyevanın forumun plenar iclasının açılışında iştirak etmələri vacib nüanslardır: “Rusiya və Azərbaycanın Təhlükəsizlik Şuraları arasında 2020-2021-ci illər əməkdaşlıq planına dair razılaşmanın imzalanması da səfərin gedişatında ən diqqətəlayiq hadisələrdən biridir. Bu, qarşıdakı mürəkkəb dövrdə iki ölkə arasındakı Təhlükəsizlik Şuralarının səlahiyyətlərinə daxil olan məsələlərdə ümumi yanaşmanın, əlaqələndirilmiş fəaliyyətin təminatçısıdır. Nəqliyyat infrastrukturu, turizm, kənd təsərrüfatı və humanitar sferalarda regionlararası əməkdaşlığa dair dörd dəyirmi stolun keçirilməsi gözlənilir ki, bu da regionlararası əməkdaşlıq formatının tədbir çərçivəsində nəzərdə tutulan əsas prioritetləridir”.

N. Məmmədova qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfərinin uğurlu olacağını gözləmək olar: “Mehriban xanım Rusiya siyasi elitası ilə Birinci vitse-prezident qismində ilk dəfə görüşsə də, lakin onun uzun illər ərzində Rusiyanın siyasi-mədəni dairələri ilə formalaşmış yaxşı münasibətləri var, o, və habelə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva dəfələrlə bu ölkənin orden və medalları ilə təltif olunublar. Mehriban Əliyevanın fəaliyyəti Rusiyada daima yüksək səviyyədə qiymətləndirilib. Əvvəllər bu, daha çox mədəni-humanitar istiqamətləri əhatə edirdisə, artıq bu, iki ölkə arasındakı siyasi-iqtisadi münasibətlər sferasını da əhatə edəcək. Səfər iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyma baxımından əhəmiyyətlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə