Moskva səfəri Azərbaycan-Rusiya əlaqələri üçün nə vəd edir? ŞƏRH-ÖZƏL

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya səfəri ilk növbədə Azərbaycan və Rusiya arasında mövcud olan humanitar, sosial, iqtisadi və digər sahələrdə əlaqələrinin daha da yaxınlaşmasına imkan verəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyada yüksək səviyyədə qarşılandığını deyən politoloq söyləyib ki, bu, Rusiya rəhbərliyinin Azərbaycana, ölkə rəhbərliyinə olan xüsusi yanaşmasının göstəricisidir: “ Bu çox önəmli faktdır”.

F.Sadıqov Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyada keçirdiyi görüşləri xatırladaraq vurğulayıb ki, Mehriban xanım Əliyevanın istər Rusiya prezidenti Vladimir Putin, istərsə də Baş nazir Dmitri Medvedyevlə ikitərəfli rəsmi görüşü diqqət mərkəzindədir: “Görüşlər zamanı ölkələr arasında əməkdaşlıq və digər məsələlər müzakirə olunub”.

Səfər çərçivəsində Mehriban xanım Əliyevanın onuncu Rusiya-Azərbaycan regionlararası forumda iştirakının mühüm əhəmiyyət kəsb etdiyini deyən F.Sadıqov qeyd edib ki, forumda bir sıra çox mühüm iqtisadi, regional əlaqələrin inkişafı haqqında söhbətlər edilib, müzakirələr aparılıb.

Politoloq əlavə edib ki, Azərbaycanın Birinci vitse-prezidentinin iştirakı ilə Moskvada Azərbaycana dair sərginin açılması nəticəsində həm Rusiya vətəndaşları, həm də ora gələn xarici qonaqlar ölkəmizin həqiqətləri, reallıqlarını daha da qabarıq şəkildə görümüş olacaqlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə