Medvedev Azərbaycanın vitse-prezidentinin Rusiyaya səfərini şərh edib

Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini iki ölkə arasındakı tərəfdaşlıq və dostluğun birbaşa təsdiqlənməsi kimi qiymətləndirib. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus ria.ru saytında məlumat yayımlanıb.

Məlumatda qeyd olunur ki, Rusiyanın baş naziri cümə günü Rusiya prezidenti Vladimir Putinlə danışıqları özündə cəmləşdirən proqramın zənginliyinə də diqqət çəkib. Həmçinin qeyd olunur ki, Dmitri Medvedyev cümə axşamı Əliyeva ilə görüşün əvvəlində Azərbaycan Respublikasından gələn qonaqları salamlayıb, nümayəndə heyətinin Rusiyada olmasının geniş proqramını diqqətə çatdırıb. Eyni zamanda, bütün bunların ölkələr arasındakı mehriban qonşuluq, tərəfdaşlıq, dostluq səviyyəsini tam əks etdirdiyi barədə Rusiya baş nazirinin dedikləri də məlumatda öz əksini tapır.

Rusiyaya məxsus sözügedən mətbuat səhifəsinin məlumatına görə, Dmitri Medvedyev cari danışıqlar zamanı iqtisadiyyatda və digər sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin aktual problemlərini müzakirə etməyi də təklif edib.
Qeyd edək ki, Rusiya baş naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan respublika prezidenti İlham Əliyevə də salamını çatdırmasını xahiş edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə