Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ankarada Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Ünalla görüşüblər. Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Türkiyə-Azərbaycan münasibətləri, əməkdaşlığın perspektivləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunub. Nazir müavini bildirib ki, münaqişə məsələsinin beynəlxalq gündəmdə saxlanılması çox vacibdir.

Fərid Şəfiyev Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, hər iki ölkənin xüsusilə həssas mövzularda hər zaman bir-birinə dəstək verdiyini söyləyib. Sədr Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi ritorik çıxışlara diqqət çəkərək, Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi də buna reaksiyasının çox əhəmiyyətli olduğunu əlavə edib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşla görüşüb. Görüşdə iki beyin mərkəzi arasında əməkdaşlıq məsələləri, o cümlədən ötən ay imzalanmış Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət planı müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə