"Ulu Öndər Heydər Əliyev ideyaları bu gün də yaşayır" ÖZƏL-MÜNASİBƏT

“Bu gün Azərbaycanın müasir siyasi tarixinin ən şərəfli hadisələrindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümüdür”. Bunu SİA-ya Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev deyib.

O Azərbaycanda 1988-ci ildən başlayan milli oyanış, özünəqayıdış, azadlıq mübarizəsi və meydan hərakatları, SSRİ kimi nəhəng fövqəldövlətin süqutu nəticəsində Azərbaycanın müstəqillik əldə etməsi, 1991-1993-cü illərdə ölkəmizdə baş verən son dərəcə ağır, ziddiyyətli və mürəkkəb proseslər, bütün bu hadisələrin məntiqi yekunu kimi tamamilə obyektiv zərurətdən yaradılan Yeni Azərbaycan Partiyasının təsisi haqqında ətraflı məlumat verib. 1991-93-cü illəri ölkə başçısı cənab İlham Əliyevin dəqiq ifadəsi ilə “biabırçı və itirilmiş imkanlar dövrü” kimi xarakterizə edən deputat deyib ki, Azərbaycanda hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsiz idarəçiliyi nəticəsində Azərbaycan artıq 1992-ci ilin sonlarında dərin siyasi, iqtisadi, sosial, mənəvi böhran vəziyyətində və parçalanmaq, yox olmaq, müstəqilliyini əbədi olaraq itirmək təhlükəsi ilə üz-üzə qalmışdı: “Belə bir ağır məqamda xalqımızın 91 nəfər vətənpərvər ziyalısı Heydər Əliyevə tarixi müraciət ünvanladılar və ölkənin qurtuluş yolunun yalnız dahi rəhbərdə gördüklərini, Onun Azərbaycanda hakimiyyətə qayıtmasının zəruri olduğunu bildirdilər. Ürəyi Azərbaycan sevgisi və Azərbaycan xalqı ilə döyünən Heydər Əliyev əlbəttə ki, bu müraciətə biganə qala bilməzdi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə o vaxtki səriştəsiz və bacarıqsız hakimiyyətə müxalifət partiyası kimi yaradılan Yeni Azərbaycan Partiyası cəmi yeddi ay sonra iqtidara gəldi və dahi rəhbər, görkəmli dövlət xadimi və nəhəng siyasətçi olan Heydər Əliyev çox qısa müddət ərzində ölkədəki çıxılmaz böhran vəziyyətini tarazladı, ictimai-siyasi sabitliyi bərpa etdi, atəşkəsə nail oldu və Azərbaycanı iqtisadi tənəzzüldən sürətli inkişaf yoluna çıxartdı.

Ümummilli Lider Heydər Əliyevin sağlığında öz layiqli varisini müəyyənləşdirməsini və Azərbaycanı etibarlı əllərə əmanət etməsini Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı daha bir misilsiz xidməti olaraq dəyərləndirən millət vəkili möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən etibarən Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini və bu dinamik inkişafın bir neçə onilliyə sığmayacaq qədər yüksək nəticə olduğunu bildirib. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir, ordumuz döyüşqabiliyyətinə və müasir silahlarla təminatına görə dünyanın ən güclü orduları sırasındadır, ölkəmizin beynəlxalq imici ildən-ilə yüksəlir. Ş.Hacıyev xüsusi qeyd edib ki, bu 16 il ərzində ölkə başçısı Azərbaycanın müstəqilliyini əbədiləşdirdi, ölkəmizi Cənubi Qafqaz regionunun şəksiz liderinə və nəinki bu bölgənin, ümumilikdə yaxın coğrafiyanın müstəqil siyasət yürüdən ölkəsinə, transmilli layihələr icra edən multikultural, tolerant, modern dövlətə, İslam həmrəyliyinin və konfessiyalararası dialoq mərkəzinə, kosmos ölkələri klubunun üzvünə çevirdi. Bütün bu uğurların əldə olunmasında və müstəqilliyimizin ilk illərindən etibarən respublikamızın ictimai-siyasi həyatında baş verən bütün proseslərdə Yeni Azərbaycan Partiyasının xüsusi yeri və rolu olduğunu vurğulayan deputat bildirib ki, üzvlərinin mütləq əksəriyyəti gənclər və qadınlardan ibarət olan Yeni Azərbaycan Partiyası sıralarında 750 mindən çox siyasi həmfikiri cəmləşdirməklə yaxın coğrafiyanın ən güclü və mütəşəkkil siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət gətirdi, sivil siyasi mübarizə məktəbi, idarəçilikdə yeni umic yaratdı.

Bu gün partiya sıralarında Azərbaycanın ən işıqlı ziyalıları cəmləşib, gənc, orta və yaşlı nəslin gözəl bağlılığı və qarşılıqlı əməkdaşlığı formalaşıb. Ulu Öndər Heydər Əliyev ideyaları bu gün də yaşayır və yeni keyfiyyət müstəvisində davam etdirilir. Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı firavan, xoşbəxt gələcəyə və böyük uğurlara aparır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə