27 il şərəfli inkişaf yolunda - FOTOLAR

Pirallahı rayonunda YAP-ın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib

Bu gün YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı yekun bayram tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Firdovsi Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Neft Daşları NQÇİ ilk partiya təşkilatının fəalları iştirak ediblər.

Tədbir öncəsi qonaqlar Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.

Neft Daşları NQÇİ-nin Mədəniyyət evində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli yol haqqında video çarxın nümayişindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, monolit siyasi təşkilatdır: "Ötən müddətdə yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası siyasi mübarizələrlə dolu şərəfli yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermiş və bundan sonra da verəcək. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə genişlənir. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir".

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev bildirib ki, artıq monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilata çevrilən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir. Yarandığı gündən Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov çıxışında qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarında bu gün yüz minlərlə insanın birləşməsi xalqın partiyaya olan dərin inam və ehtiramının göstəricisidir: "Partiyamız öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəmir".

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini, Neft Daşları NQÇİ-nin rəisi Qoçalı Mahmudov tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirərək müstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın inkişafında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətlərindən danışıb.

Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı üzvlərinin Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.

Sonda respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...