YAP Heydər Əliyevin nəhəng nüfuzu və ideyası ətrafında yarandı Bəhruz Quliyev

Yeni Azərbaycan Partiyasının yaranması ölkədə xaos, anarxiyanın tüğyan etdiyi zamanlara təsadüf edir.

Bunu Trend-ə “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 27-ci ildönümü ilə bağlı fikirlərini şərh edərkən deyib. O bildirib ki, məhz ölkənin məhv olmaq təhlükəsi ilə üz-üzə qalması, xalqın səfalət və qorxu içində yaşaması yeni bir siyasi qüvvənin meydana gəlməsi zərurətini ortaya qoymuşdu: "YAP-ın müxalifət partiyası kimi yaranması və qısa müddət ərzində iqtidara gəlməsinin əsasında bir sıra mühüm məqamlar dayanmaqdadır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərinin təhlilini apararsaq, ilk öncə belə bir nəticəyə gələ bilərik ki, YAP Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji konsepsiyası əsasında - xalqın tələb və sifarişləri kontekstində yaranmış partiyadır və ötən 27 ildə həmin ideoloji kursun inkişaf və təkmilləşdirilməsi prosesinin xalq tərəfindən dəstək alması da bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir. Biri var partiya yaranır və özünə lider seçir, biri də var ki, liderin nəhəng nüfuzu və ideyası ətrafında partiya yaranır və bütöv bir xalqın etibarına, etimadına söykənərək, ölkəsini xaos və anarxiyadan xilas edir. Bax, bu mühüm nüans Yeni Azərbaycan Partiyasının digər siyasi təşkilatlar üzərindəki üstünlüyü faktını ortaya qoyur. Çünki xalq öz liderini hakimiyyətdə görmək istədi və liderin hakimiyyətə gəlişi ilə YAP iqtidar partiyasına çevrildi. Beləliklə, bu fikirləri daha dərindən izah etsək, əminliklə deyə bilərik ki, istənilən siyasi təşkilat yaradılarkən həmin təşkilatın lideri xalqa təqdim edilir, amma Yeni Azərbaycan Partiyasını və onun ideoloji prinsiplərini məhz Ulu Öndərimiz xalqa təqdim etdi. Çünki Heydər Əliyevin hər hansı bir təqdimata ehtiyacı yox idi. Onun nəhəng nüfuzunu bütün dünyanın siyasi çevrələri tanıyır və qəbul edirdi”.

Siyasi ekspert deyib ki, təməli xalqın iradəsi və tükənməz dəstəyi ilə qoyulan YAP bu gün də həmin vəhdət əsasında fəaliyyətini davam etdirməkdə, yeni-yeni uğur və qələbələr əldə etməkdədir: “Ona görə də Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev demək olar ki, partiyamızın fəaliyyəti ilə bağlı çıxışlarının hər birində vurğulayırdı ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir”.

“Həmin fikrin davamı olaraq Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir” - deyə, qeyd edən baş redaktora görə, partiyanın keçdiyi 27 illik yol xalqın ona olan rəğbətinin bariz təzahürüdür: “Çünki partiyamızın Sədri cənab İlham Əliyevin siyasi fəaliyyəti bilavasitə Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş əbədi prinsiplərə söykənir. Bu gün cənab İlham Əliyevin həm lider kimi, həm Prezident kimi xalqa söykənməsi, arxalanması əbədi müstəqilliyimizi təmin edir. Bu, bilavasitə xalq-iqtidar, yaxud, xalq-Prezident birliyinin, sarsılmaz vəhdətinin bariz təcəssümüdür. Son 16 ildə partiyanın parlament və bələdiyyə seçkilərində əldə etdiyi uğur və qələbələri və s. zəfərlər də belə bir nəticəyə gəlməyə zəmin yaradır”.

Bəhruz Quliyev sonda YAP-ın təsis edilməsinin 27-ci ildönümü ilə bağlı siyasi əqidədaşlarına öz ürək sözlərini də çatdırıb: “Mən də Yeni Azərbaycan Partiyasının hər bir üzvünü təşkilatımızın 27-ci ildönümü münasibəti ilə ürəkdən təbrik edir, dövlətimizin, xalqımızın inkişaf və tərəqqisi yolunda yorulmadan, əzmlə çalışmalarını arzulayıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...