"Mühacir biznesi radikallarla cəmiyyət arasında keçilməsi mümkün olmayan sədd çəkdi” RƏY-ÖZƏL

“Almaniyada mühacir biznesi ilə məşğul olan dəstənin ifşası bir daha sübut etdi ki, insan hüquqlarından və demokratiyadan yorulmadan danışan, başqalarını ittiham edənlər özləri səmimi deyillər. Onlar öz şəxsi maraqlarının ödənməsi naminə hətta Azərbaycan dövlətinin və xalqımızın imicini zərbədə qoyacaq qədər qeyri-vətənpərvər, mənfəətpərəst və saxtakar adamlar imişlər”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, bu insanların yaratdığı cinayət şəbəkəsinin uzantılarının Azərbaycanda bir neçə siyasi təşkilatın qərargahına qədər uzanıb gəldiyi şübhəsizdir.

Ekspert söyləyib ki, Avropada cinayət xarakterli bizneslə qazanılan pulların bir hissəsinin Azərbaycana göndərildiyinə də şübhə edilmir: “Bu mənada Almaniyada mühacir biznesi qurmuş şəxslərin fəaliyyətinə görə Müsavat, VHP, Nida, AXCP kimi siyasi təşkilatlar da məsuliyyət daşıyır. Bu partiyaların rəhbərliyi məlum cinayətdə hər hansı formada iştirak etmədiklərini sübut etməlidirlər. Ancaq məlumatlar deməyə əsas verir ki, mühacir alverinin mühüm elementlərindən biri olan saxta təqibolunma arayışları Bakıda məhz bu partiyaların rəhbər və funksionerləri tərəfindən təsdiqlənib”.

A.Quliyev vurğulayıb ki, qanunsuz mühacir biznesi radikalların ölkədə onsuz da son tellər üstündə dayanmış sosial dayaqlarını tam məhv etdi: “Təəssüf ki, bu insanlar Dağlıq Qarabağ problemi kimi məsələnin üstündə erməni lobbisinə qarşı mübarizə aparmaq əvəzinə belə yol tutublar. Mühacir biznesi üzərində qazanlmış çirkli pullar radikallarla Azərbaycan cəmiyyəti arasında keçilməsi bir daha mümkün olmayan sədd çəkdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə