“Tofiq bəy Müsavatdan daha çox “Milli Şura”nı təbliğ edirdisə...” MÜXALİFƏT

Yaxud, Arif Hacılı Tofiq Yaqubluya hansı sətiraltı eyhamı vurdu?

Son günlər müxalifətin radikal qanadında baş verən bir-birini tez-tez dəyişən hadisələr düşərgənin çıxılmaz durumda olması reallığını ortaya qoyub. Xüsusilə, Müsavat partiyası rəhbərliyinin miqrant alveri məsələsində ifşası, eləcə də AXCP-“Milli Şura” cütlüyünün düşdüyü böhranlı vəziyyət belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, müxalifətin radikal qanadı bütövlükdə siyasi məhvi prosesini yaşamaqdadır. Hətta bundan qurtulmaq üçün edilən cəhdlər öz nəticəsizlikləri ilə görünməkdədir. Misal üçün, “Milli Şura”nın sədri Cəmil Həsənlinin fəaliyyətsizliyi və AXCP sədri Əli Kərimlinin ona qarşı oynadığı oyunları nəticə etibarı ilə bir müddətdir ki, proqnozlaşdırılan məsələni gündəmə gətirib. Düzdür, sosial şəbəkələrdə və mediada C.Həsənlinin guya öz xoşu ilə sədrlik postunu T.Yaqubluya verəcəyi görüntüsü yaradılsa belə, əslində reallıq tamamilə başqa istiqamətə yönəlib.

Müsavat rəhbərliyi zaman-zaman T.Yaqublunun Müsavat üzvü olmasına rəğmən, onun “Milli Şura”nı və AXCP sədri Ə.Kərimlini təbliğ etməsinə qısqanc münasibət sərgiləyib

Daha dəqiq desək, C.Həsənlinin “Milli Şura”nın sədri postundan atılması ətrafındakı söz-söhbətlər digər məsələləri də önə çıxarıb. Artıq C.Həsənlinin yerinə müsavatçı T.Yaqublunun sədr olması məsələsi gündəmə çıxıb və bu olay Müsavat partiyasında da müzakirə predmetinə çevrilib. Belə ki, Müsavat rəhbərliyi zaman-zaman T.Yaqublunun Müsavat üzvü olmasına rəğmən, onun “Milli Şura”nı və AXCP sədri Ə.Kərimlini təbliğ etməsinə qısqanc münasibət sərgiləyib. Hətta bir ara onun Müsavat partiyasından istefa verməsi də gözlənilirdi. Lakin buna baxmayaraq, o qurultayda başqanlığa da namizəd oldu. Seçilməsə də, onun başqanlığa namizəd olması həm də belə bir fikir formalaşdırdı ki, AXCP sədri Ə.Kərimli T.Yaqublunu başqan kimi seçilməsində maraqlı olub, bu vasitə ilə AXCP-nin Müsavata təsirini panlaşdırıb. Ancaq T.Yaqublu seçilmədi və bu dəfə digər plan işə salındı – C.Həsənli uzaqlaşdırılacaq və T.Yaqublu “Milli Şura”da onun yerini tutacaq.

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər partiyasının “Milli Şura”dan çıxmasını bu qurumun xarici təşkilatlarla əlaqəli olması ilə bağlamışdı

Yeri gəlmişkən, A.Hacılı bu barədə “Facebook” sosial şəbəkəsində status yazıb. “Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və “Milli Şura”nın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır”, deyə yazan A.Hacılı qarşı tərəfə eyham da vurmağı unutmayıb: “Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox “Milli Şura”nı təbliğ edirdisə, “Milli Şura”nın sədri olsa, yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək”.

Buradan belə bir nəticə hasil etmək olar ki, T.Yaqublunun “Milli Şura”nın sədri olması mümkünlüyü Müsavat partiyasının ziyanınadır və A.Hacılı da bilavasitə buna işarə edib ki, hətta o sədr seçilsə belə, bunun müsavatçılar üçün istisi-soyuğu yoxdur.

Onu da xatırlatmaq yerinə düşərdi ki, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər partiyasının “Milli Şura”dan çıxmasını bu qurumun xarici təşkilatlarla əlaqəli olması ilə bağlamışdı. T.Yaqublu isə həbsdən çıxandan sonra uzun müddət AXCP-“Milli Şura” cütlüyü ilə Müsavat partiyasını bir araya gətirməyə cəhdlər göstərmişdi. Ancaq bu cəhdlər də nəticəsiz qalmışdı. Bu baxımdan, əgər T.Yaqublu “Milli Şura”nın sədri seçilsə belə, Müsavat partiyası heç vaxt bu təşkilata geri dönməyəcək. Ona görə də, A.Hacılı yuxarıda qeyd edilən sətiraltı eyhamlarını T.Yaqubluya ünvalayıb. Daha doğrusu, onu saxtakarlıq yolları ilə başqanlıq postuna oturdan İ.Qəmbəri tapdayıb keçmək və yenidən “Milli Şura”ya qatılmaq məsələsi A.Hacılının ağlının ucundan keçmir. Çünki o yaxşı bilir ki, bu addıma getsə, başqanlıq kreslosunu da itirməli olacaq. Hər halda. İ.Qəmbərin Müsavata təsiri reallığının mövcudluğunu da xatırlayarsaq, bu proqnoz da özünü reallaşdıra bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...