Rasim Quliyev: "YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb" AÇIQLAMA-ÖZƏL

“Yeni Azərbaycan Partiyası (YAP) tarixi zərurət, sosial sifariş əsasında yaranmış, xalqın şəxsiyyət ətrafında toplaşmış insanların ideya birliyi idi”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının funksioneri, siyasi ekspert Rasim Quliyev deyib.

YAP-ın yaranma zərurətinə tarixi nəzər salan ekspert xatırladıb ki, xalq Sovet İmperiyasında mövcud ayrı-seçkilik münasibəti, ermənilərin azərbaycanlılara qarşı açıq deportasiyasına etiraz olaraq ilk dəfə 1988-ci ilin noyabrın 17-dən başlayaraq kütləvi şəkildə mübarizəyə qalxdı: “O zamana qədər Sovet İmperyasında xalqın belə açıq şəkildə mübarizəsi çox nadir halda, bəzi respublikalarda epizodik şəkildə baş vermişdi. Ancaq Azərbaycan xalqı kütləvi mübarizəyə qalxaraq, dekabrın 4-dən 5-nə keçən gecə sovet əsgərlərinin dəyənəyinin zərbələrini yedi. Həmin dövrdə həm mənəvi, həm də psixoloji şəkildə öz dövlətində - Sovet İmperiyasının dəyənəyini yedikdən sonra xalq özünün liderini, güvənəcəyi şəxsi mübarizə meydanında görmədi və xalq hərəkatının böyük dalğası 1989-cu ilin sonunda yenidən gücləndi. Həmin ilin dekabrın sonunda Sovet sərhədlərinin sökülməsi ilə vüsət alan xalq hərəkatı dekabrın 31-də yenidən həmrəylik göstərərək böyük izdihamla mübarizəyə qalxdı. 1990-cı ilin yanvarın 20-sində isə xalqımız artıq imperiyanın dəyənək zərbəsini deyil, açıq qətliam zərbəsini aldı. Məhz bundan sonra Azərbaycan xalqı özünün liderini axtarmağa başladı. Xalq mənəvi şəkildə özünün gücsüz, başsız olduğunu bir daha dərk etdi”.

R.Quliyev söyləyib ki, həmin dövrdə istər Azərbaycanda meydan hərəkatında, istərsə də sonrakı dövrlərdə xalqın tribunasında çıxış etmək istəyən həqiqi ziyalılarla yanaşı, populist mikrafon həvəskarları da var idi: “Lakin onların heç biri həqiqi liderə çevrilə bilmirdilər. Çünki, xalq onları lider kimi görmürdü. Xalq 1990-cı ildə öz dəsti-xəttinə, öz idarəçiliyinə, əqidəsinə, intellektinə bələd olduğu, tanıdığı Ulu Öndər Heydər Əliyevə yenidən üz tutdu. Həmin dövrlərdə yaranan Yeni Azərbaycan Partiyasının ideoloji təbliğatını aparmaq imkanı yox idi. Xalq yalnız öz Liderini tanıyırdı, Heydər Əliyevi və Onun ətrafında toplaşan insanları qəbul edirdi. Bununla da şəxsiyyət ətrafında cəmləşən insanların ideya birliyi - öz partiyası yarandı. Bu partiya həmin dövrdə sözsüz ki, cəmiyyətin idarə olunmasında bir təşkilat rolunu oynamaq məqsədi daşıyırdı və həmin məqsədə nail oldu”.

Partiya funksioneri qeyd edib ki, sosial sifarişlə, müxalifət partiyası kimi yaranan YAP-ı daha sonra xalq iqtidarda görmək istədi və nəticədə xalqın dəstəyi ilə partiya iqtidara gəldi: “YAP Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın idarə olunmasında çox böyük, müstəsna siyasi məktəb rolunu oynadı. YAP yarandığı dövrdə Sovet İttifaqı hüdudları çərçivəsində yeganə Kommunist Partiyası idisə, daha sonra Azərbaycanda ən böyük sosial bazası, funksional strukturu olan ən ciddi partiya məhz YAP oldu. Partiya hazırki müasir inkişaf dövründə yeniləşərək, dünyanın tələblərinə uyğun, beynəlxalq münasibətlər sisteminə intqrasiya edərək regionda ən ciddi, dayanıqlı, struktura malik olmaqla yanaşı, özünün ideoloji, taktiki yolu və xətti müəyyən olunan, sabit, inkişafda olan mütərəqqi partiyadır. Əhalinin say nisbəti ilə götürsək böyüklüyünə görə bəlkə də Avropada YAP-la rəqabət apara biləcək az sayda partiya tapmaq mümkündür. Bu gün böyük xalq izdihamlarının dəstəklədiyi partiya böyük siyasi tədbirlər yüksək səviyyədə təşkil etməklə yanaşı, özünü ən müasir intellektual dəyərlər, modern texnoloji vasitələrlə ifadə edə bilir. Mən bu gün YAP-ı regionda ən böyük, güclü, intellektual səviyyəsi yüksək olan partiya kimi dəyərləndirirəm. Qonşu dövlətlərdə də hazırda YAP-la həm texniki, həm ideya, həm təşkilatçılıq, həm struktura, həm də funksionallıq baxımından rəqabət apara biləcək ikinci partiya görmürəm. Bu gün artıq cəmiyyətdə, Azərbaycan dövlətində çox ciddi siyasi rəqabət var. YAP cəmiyyət, xalq izdihamı arasında öz möhürünü vurub, nüfuzunu layiq olduğu yerdə tutub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...