Övladlığa götürülmüş uşaqlara nəzarət gücləndirilir

Övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarət gücləndirilir. SİA-nın xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə məcəlləsi, Mülki-Prosessual və Mülki məcəllələrdə, “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edilməsi barədə sənədlərdə öz əksinitapıb.

Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliklər övladlığagötürmə sahəsində idarəetmə mexanizmlərini, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsini, bu prosesdə şəffaflığın təmin edilməsini, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məsələlərini əhatə edir.

Mövcud qanunvericiliyə əsasən, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların 3 pilləli uçotu aparılırdı. Yeni yanaşma isə təkmil uçotun aparılmasına, uçotu aparılan şəxslər haqqında məlumatların real vaxt rejimində yenilənməsinə, övladlığa uşaq götürmək istəyən şəxslərin həyat şəraitinin, uşaqla ailənin uyğunlaşmasının müəyyən edilməsinə tam imkan verəcək.

Müzakirələrdən sonrə dəyişikliklər səsə qoyularaq II oxunuşda qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...