Azərbaycan və Rusiya arasındakı dostluq əlaqələrinə xələl yetirmək cəhdləri

Azərbaycan-Rusiya əlaqələrində müşahidə olunan intensivlik, qarşılıqlı çoxsaylı səfərlər, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində mövcud olan yüksək inkişaf tempi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək, xüsusən Azərbaycan və Rusiya prezidentlərinin şəxsi dostluq əlaqələri və müntəzəm təmasları iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin bugünkü vəziyyətini xarakterizə edən əsas məqamlardır. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində Ermənistanın yeni hakimiyyətinin irəli sürdüyü absurd təkliflərin ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən rədd edilməsi, Azərbaycanın münaqişənin həllinə dair haqlı mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilməsi, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının oktyabrın sonlarında Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməsi Ermənistanda olduğu kimi, Rusiyadakı erməni lobbisində də ciddi narahatlıq doğurub. Bu lobbinin Rusiyanın Xarici İşlər Nazirliyində böyük imkanlara malik olduğu məlumdur. Lavrovun Yerevanda səsləndirdiyi və münaqişənin həlli danışıqlarının gedişatına zidd açıqlamaları ilk növbədə Rusiya-Azərbaycan münasibətlərinə, həmçinin Rusiyanın Minsk Qrupu çərçivəsində vasitəçilik təşəbbüslərinə zərbə vurmaq məqsədi daşıyır.

Maraqlıdır ki, Lavrov Yerevandakı bəyanatında “Hamıya bəllidir ki, Dağlıq Qarabağın xalqının, onun əhalisinin razılığı olmadan heç bir razılaşmanın rəsmiləşdirilməsi mümkün olmayacaqdır...” fikrini səsləndirsə də, sonradan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində onun çıxışından “Dağlıq Qarabağın əhalisi” ifadəsi çıxarılmış və yalnız “Dağlıq Qarabağın xalqı” ifadəsi saxlanılmışdır ki, bu da erməni lobbisinin Rusiya XİN-i çərçivəsində dövlət maraqlarına zidd aktiv fəaliyyətinin əyani sübutudur.

Bütün xəbərlər Facebook səhifəmizdə