Miqrantların qəbulu humanizm prinsiplərinə söykənir və bundan sui istifadə edilir

Miqrantların qanunsuz yollarla xaricə aparılması demək olar ki, həmişə olub. Azərbaycana gəldikdə isə bu proseslər ölkəmiz müstəqillik əldə etdikdən sonra daha böyük vüsət alıb. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, müxtəlif forma və metodlardan istifadə edərək Avropanın bir sıra dövlətlərinə, Türkiyəyə və digər ölkələrə gedənlər olub: “Mühacirət edənlər bir neçə kateqoriyaya bölünürlər. Birincisi siyasi, ikincisi dini, üçüncüsü etnik, dördüncüsü müxtəlif cinsi azlıqların nümayəndələri. Yəni bütün bu kateqoriyalardan istifadə edən şəxslər guya ki, Azərbaycanda bu və ya digər şəkildə təzyiqə məruz qalırlar və saxta sənədlər əldə edərək ölkəni münxtəlif formada, istər turist, istər qeyri-leqal formada tərk edərək həmin ölkələrə üz tuturlar. Təbii ki, bu proseslərə rəhbərlik edən və sənədləri hazırlayan şəxslər və qruplar var və hər kateqoriyaya uyğun olaraq sənədlər hazırlayır və qeyri leqal yollarla həmin şəxsləri xaricə çıxarırlar".

A.Nağıyev vurğulayıb ki, mütəmadi olaraq bir sıra ölkələrdən ekstradisiya olunanlar, deport edilənlər haqqında məlumatlar istər Avropanın, istərsə də yerli kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının materialları kimi dərc edilir: “Son vaxtlar isə daha çoxlu sayda mühacirlərin depotrasiyası və ekstradisiyası haqqında məlumatlar yayılıb, onların yerli və xaricdəki sənət düzəldənləri ifşa edilib. Bəli konkret misallar həddən artıq çoxdur”.

Politoloq həmçinin qeyd edib ki, bu artıq etnik miqrasiya deyilən formaya aiddir: “Yəni erməni milliyyətindən olan şəxslərin guya Azərbaycanda diskreditasiyaya məruz qalmasını və ya yaşamağa imkan verilməməsini əks etdirən sənədlər düzəldərək xaricə üz tutanlardır. Acınacaqlısı odur ki, onların bir hissəsi azərbaycanlılardır ki, özlərini erməni kimi təqdim ediblər. Təbii ki, aralarında qarışıq nigahdan olanlar da var, lakin məlumdur ki, onlar da saxta sənədlər vasitəsilə getdikləri ölkələrdə özlərini incidilən və ya yaşamağa qoyulmayan şəxslər kimi təqdim ediblər. İlk növbədə onlar öz imiclərinə zərbə vurular, çünki həmin dövlətlərin miqrasiya məsələləri ilə məşğul olan dövlət qurumları bu proseslərə aydınlıq gətirdikdən sonra artıq onlar üçün ən çətin proseslər başlayır və deport məsələsi gündəmə gəlir".

Sonda isə politoloq bildirib ki, miqrantların qəbul edilməsi ilk növbədə humanizm prinsiplərinə söykənir və bundan da sui istifadə edilir: "Avropada insan haqları, dini etiqada hörmət, hər bir şəxsin yaşam tərzinə uyğun həyat sürməsi əsas məfhum kimi götürülür. Son vaxtlar bundan başqa ciddi yoxlamalar da baş verir. Çünki artıq miqrantlar dövlətə zərər gətirirlər, ictimai-siyasi prosseslərə ciddi mənfi təsir göstərirlər, sona qədər cəmiyyətə uyuşa bilmirlər. Burada həm də miqrantlardan öz xeyrinə istifadə edən dövlət qurumlarının da maraqları var, bu və ya digər şəkildə seçki proselərinə təsir üçün istifadə olunurlar. Sual oluna bilər ki, Suriyadan və ya digər ərəb dövlətlərindən çoxsaylı miqrantlar niyə məhz Avropanı seçirlər, bəyəm ərəb dövlətləri arasında imiqrant qəbul etmək iqtidarında olan digər dövlətlər azdırmı? Deməli məqsəd və səbəb müxtəlifdir. Bir müddət öncə Avropanın hüquq-mühafizə və xüsusi xidmət orqanları humanizmlə peşəkarlığı səhv saldıqlarına görə çox böyük çətinliklərə məruz qaldılar. Son zamanlar artıq ciddi proseslər gedir. Müəyyən dönüş yaranıb və nəticəsi də görünməkdədir".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...