Rasim Quliyev: "Ərdoğanın ABŞ səfərinin ən böyük uğuru..." ŞƏRH-ÖZƏL-VİDEO

“Türk diplomatiyası Suriyada keçirdiyi əməliyyat zamanı lazımi, uyğun və ən çevik addımı atdı. Ancaq bu, bir yerə qədər idi. Türkiyə ordusu bufer zonanı yaratdıqdan sonra artıq limit başa çatdı. Bundan sonra həm Rusiya, həm ABŞ, həm də digər dövlətlər artıq müəyyən formada dayanmaqla bağlı öz fikirlərini bildirdilər”. Bu fikirləri SİA-ya açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Türkiyənin 10 illiklərdir ki, terrorla mübarizəni öz ölkəsi daxilində apardığını deyən ekspert söyləyib ki, bu, qardaş ölkə üçün həm iqtisadi planda, həm də əhalisinə psixoloji cəhətdən böyük zərbə, itki idi.

R.Quliyev söyləyib ki, artıq Türkiyənin Suriya əməliyyatından sonra terrorla mübarizəni sərhədi xaricində aparması onun böyük uduşudur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aktiv şəkildə danışıqlar aparmaqla əlavə dividentlər qazanmaq istədiyini deyən mərkəz sədri vurğulayıb ki, bütün bunlara baxmayaraq, prosesi siyasi müstəvidə başa çatdırmaq lazım idi: “Bu baxımdan da Ərdoğanın ABŞ-a ən uyğun və düzgün zamanda səfər etdiyini demək olar. Qardaş ölkə prezidenti səfərini biraz əvvəl və ya gec etsəydi, onun effekti inidiki kimi olmayacaqdı. Çünki, ABŞ-ın ən yüksək çinli məmurları Türkiyəyə gəlsələr, Ərdoğan məsələ ilə bağlı Rusiya prezidenti Putinlə danışıqlar aparsa da, bundan müsbət nəticələr əldə olunmadı. İstənilən halda meydanda faktla qarşıya-qalan yeganə ölkə Türkiyə oldu. Digər ölkələr Suriyada yalnız maraqlı tərəfdirlər.

Bu baxımdan bu məsələni Türkiyə özü həll etməli idi. Ona görə də, Türkiyə prezidenti Rusiyadan sonra ABŞ-la münasibətləri yenidən inkişaf etdirmək çox düzgün zamanda ABŞ-a səfər etdi”.

Ekspert qeyd edib ki, səfərin müəyyən uğurları nəzərə alınmaqla nəticəsi özünü çox gözlətməyəcək və yaxın zamanda müəyyən detallarda bu, özünü göstərəcək. Lakin ritorik mənada həmin gün üçün ən böyük uğur ABŞ prezidenti Donald Trampın Türkiyə dövlət başçısı hörmətli Rəcəb Tayyib Ərdoğana “mən sənin birinci pərəstişkarınam” deməsidir: “Digər böyük nəticələrə hələ ümid etmək olmaz. Çünki, proses hələ davam edəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə