Türkiyə-Rusiya-Azərbaycan formatı Qarabağ münaqişəsinin həllinə nə vəd edir?

"Son dövrlərdə Azərbaycan-Rusiya-Türkiyə üçlüyü arasında münasibətlərin kifayət qədər dinamik templə inkişaf etməsi özünü qabarıq surətdə büruzə verir. Mən əminəm ki, Türkiyə-Rusiya-Azərbaycan formatının Qafqazda cərəyan edən proseslərin ümumi inkişaf axarına müəyyən təsirləri olacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Hər üç ölkənin çəkisinə görə müəyyən söz sahibi olduğunu deyən politoloq söyləyib ki, Azərbaycan Cənubi Qafqazın əsas ölkəsi, Rusiya və Türkiyə isə dünya siyasətində mühüm rola malik dövlətlərdir. Onun sözlərinə görə, sözügedən üçlük formatı davamlı, dayanıqlı olarsa, bölgədə cərəyan edən bir çox proseslərdə həlledici rol oynaya bilərlər: "Çünki regionda yerləşən Gürcüstan, Ermənistan və İran ikinci dərəcəli ölkələrdir. İran böyük ölkədir, ancaq bölgəmizə təsir imkanları demək olar ki, yoxdur. Ankara ilə Moskva bu mənada Tehrana regionda möhkəmlənməyə imkan verməz. Tiflislə, İrəvan isə heç bir söz sahibliyinə malik deyillər".

N.Məmmədova qeyd edib ki, Moskva ən etibarlı tərəfdaş qismində məhz türk dünyasını görür: "Bu mənada Azərbaycan-Rusiya-Türkiyə tandeminin regionda həlledici faktora çevrilməsilə bağlı səslənən fikirlər də məhz avrasiyaçılığa hesablanmış addımlardır. Aydın məsələdir ki, Türkiyə ilə Rusiyanın Suriyadakı ittifaqı Qafqaza, Orta Asiyadakı proseslərə də təsir edib. Belədə görürük ki, indiki halda Rusiya bölgədə yerləşən bütün türk respublikalarını öz müttəfiqi qismində görmək istəyir. Bu da ondan irəli gəlir ki, Moskvanın Qafqazda, Mərkəzi Asiyada tarixi maraqları var. Hansı ki, bu ərazilərdəki dövlətlər də türkdilli dövlətlərdir. Eyni zamanda, Rusiyanın özündə də çoxsaylı türk respublikaları mövcuddur. Həmçinin Rusiya işğal etdiyi Krımdakı tatarların rəğbətini qazanmaq istəyir. Ümumiyyətlə, Rusiya tarixində türk xalqlarının mühüm rolu olub və bu gün də var. Ona görə türklərlə əməkdaşlıq Moskvaya hava, su kimi lazımdır. Tək qalsa, Rusiya heç nə edə bilməz, onun müttəfiqlərə ehtiyacı var. Azərbaycan da potensialı olan bir türk dövləti kimi proseslərdə böyük rol oynaya bilər".

Türkiyə-Rusiya-Azərbaycan formatının Qarabağ məsələsinin kökündən həllinə təsirinə gəlincə, politoloq qeyd edib ki, bu, bir qədər inandırıcı deyil: "Rusiyanın nəzərində bu məsələ türk dövlətlərilə əlaqələrdən kənar bir məsələdir. Qarabağ Rusiyanın Cənubi Qafqazda qalmasının qarantiyasıdır. Ona görə ola bilsin, Rusiya həmin üçlük formatında əməkdaşlığın genişlənməsilə müəyyən şərtlər daxilində Qarabağla bağlı problemin həllinə müəyyən dərəcədə kömək etsin. Tam həllinə gedəcəyinə inanmıram, amma rus qoşunlarının sülhməramlı adı altında bölgəyə gəlməsi, Azərbaycanın Avrasiya İttifaqına qoşulması müqabilində 5-7 rayonun qaytarılması məsələsi gündəmə gələ bilər. Belədə Qarabağ məsələsi müəyyən qədər həll oluna bilər. Ən azından Ermənistan belə bir üçlük formatının olmasından çox narahatdır. Yəni bu proses Ermənistana ən azından psixoloji təsir göstərir. Hər halda, Moskvanın Bakı və Ankara ilə müttəfiqliyi daha faydalı ola bilər, nəinki düşmənçiliyin artması".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...