"Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm"

Əvvəlcə müxtəlif dünya ölkələrinin din xadimlərini bir araya gətirən qlobal əhəmiyyətli II Bakı Sammitinin belə yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan hökumətinə və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə öz minnətdarlığımı bildirirəm. Bu sammitdə səslənən bütün çıxışlarda din pərdəsi altında gizlədilən məqsədlərə qarşı necə birgə səylər göstərilməsi ətrafında çox faydalı müzakirələr aparıldı. Bu cür tədbirlərin davamlı olmasına ümid edirəm.

SİA xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin iştirakçısı, Əfqanıstanın dini məsələlər üzrə müşaviri, Ədliyyə nazirinin birinci müavini Məhəmməd Qasem Halimi jurnalistlərə müsahibəsində deyib.

“Dünyada baş verən bir çox problemlər, xüsusilə də münaqişələr və terrorizm bəzən din pərdəsi altında gizlədilir. Lakin münaqişələr və terror aktları heç bir dinlə əlaqəli deyil. Belə tədbirlərin əhəmiyyəti həm də ondan ibarətdir ki, burada müxtəlif dinlərin nümayəndələri bir müstəvidə müzakirələr apararaq, öz fikir və təcrübələrini bölüşərək terrorizmin dini zəmində baş vermədiyini bütün dünyaya bəyan edirlər”, - deyə Məhəmməd Qasem Halimi diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...