Dalana dirənən Ermənistan üçün böyük təhlükə

Ermənistan hakimiyyətinin ziddiyyətli bəyanatları səbəbindən danışıqlar prosesi dalana dirənib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bu gün “Vernatun” İctimai-Siyasi Klubunun forumunda çıxışı zamanı deyib.

Məlumatda qeyd olunur ki, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Ermənistan hakimiyyətini, səlahiyyətliləri danışıqları davam etdirə bilməməkdə qınayır və ziddiyətli bəyanatlar verməkdə təqsirləndirir.
“Bu səlahiyyətlilər çoxsaylı ziddiyyətli bəyanatlar verirlər, amma mən bir şeyi vurğulamaq istəyirəm. Mövcud hökumət danışıqlar prosesini 2018-ci ilin mayından əvvəl əldə etdiyimiz nöqtədən davam etdirmir, ancaq hər dəfə yeni bir nöqtədən başlayır. Bu yeni nöqtə nədir? Əvvəla, mövcud hakimiyyət ümumiyyətlə öz müqəddəratını təyinetmə hüququ barədə danışmaq istəmir", deyə David Şahnazaryan bildirib.

Onun sözlərinə görə, hakimiyyət və mövqelərini səsləndirdiyi ziddiyyətli bəyanatlar səbəbindən danışıqlar prosesinin dayandırıldığı göz qabağındadır. Şahnazaryan Azərbaycanla dünya ictimaiyyətinin bir tərəfdə, Ermənistanın isə digər tərəfdə dayandığını etiraf edir və qeyd edir ki, bu ermənilər üçün ən böyük təhlükə deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə