Ermənistanda yeni qiyam ab-havasına çağırış ANALITIK

Mikael Minasyan: "İnqilabımız başladı...Elə indi, gecikmədən"

Ermənistanda Nikol Paşinyanın "demokratiya" pərdəsi altındakı rejiminə qarşı inqilab ab-havası cücərməyə başlayıb. Artıq bəlli olduğu kimi, vaxtilə Serj Sarkisyan rejiminə yaxınlığı ilə seçilən "Çiçəklənən Ermənistan" partiyasının radikal müxalifətçiliyə keçidi barədə məlumatlar yayılıb. SİA xəbər verir ki, bununla bağlı yazan "Hraparak" qəzeti qeyd edir ki, adıçəkilən siyasi təşkilatın radikalçılığa meyllənməsi Ermənistanda baş qaldırmış anti-Rusiya xarakterli çağırışlardır. Daha dəqiq desək, Rusiyanın siyasi dairələri "Çiçəklənən Ermənistan" partiyasına bu sifarişi verib. Artıq digər loyal partiyaların da Rusiyanın nəzarəti altına keçdikləri barədə məlumatlar səslənməkdədir.

Bu arada, Ermənistanın Vatikanda və Portuqaliyadakı keçmiş səfiri Mikael Minasyanın Paşinyanın dırnaqrarası demokratiyasını rejim adlandırması ölkədə yeni inqilab ab-havasının baş qaldırdığını əsas göstərir.

"Kütləvi hipnoz tədricən hakimiyyətin yeganə istiqamətinə çevrilir"

"Populizm və diktatura daha yaxşı həyat təmin etmir və edə bilməz. Populizm diktaturası ölkənin təhlükəsizliyinə və vətəndaşların rifahına zəmanət vermir", deyə erməni mediasına açıqlama verən Minasyan əlavə edib ki, hazırda Ermənistanda hakimiyyətdə olanlar dünən ağızları köpüklənə-köpüklənə irəlidə hər şeyin daha yaxşı, sadəcə gözəl olacağını bildirirdilərsə, bu gün eyni təzyiqlə hər şeyin bir neçə il əvvəlkindən daha pis olmadığını sübut etməyə çalışırlar. "Bir müddət sonra isə hər şeyin o qədər də pis olmadığını eyni həvəslə sübut edəcəklər. Kütləvi hipnoz tədricən hakimiyyətin yeganə istiqamətinə çevrilir", sabiq səfir öz fikirlərində bildirib.

Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, baş nazir Nikol Paşinyan daha əvvəllər ölkəsinin "Haykakan Jamanak" qəzetində rəhbərlik edib və bu gün onun baş redaktor olduğu qəzetini necə idarə edirsidə, ölkəsini də eyni üsulla idarə etməsini istehza ilə qarşılayanlar var. Görünür, Mikael Minasyan buna işarə edərək deyib: "İnanılmaz sürətlə yeni bir trend, yeni hərəkat gəlir – "Aykakan Jamank" ölkəsinə son!".

"Aykakan Jamanak" ölkəsinə son!" hərəkatına start verilir

"Əgər biz birlikdə yaxınlaşan fəlakətin gerçəkliyini tam dərk ediriksə, özümüzü ölkəmizin və gələcəyimizin sahibi sayırıqsa, "Aykakan Jamanak" ölkəsinə son!" hərəkatına qoşulmağa hazırıqsa, deməli, nə etdiyimizi bilirik. İnqilabımız başladı! Buna görə nə etməliyik?", keçmiş diplomat bildirib.

Minasyan əlavə edib ki, əslində, sağlam düşüncəli bir insanın sülh içində yaşamaq, problemlərini həll etmək, uşaqların tərbiyəsi haqqında düşünmək, hədəflər qoymaq, gələn ay, il və ya gələcək üçün öz işlərini planlaşdırmaq istəyi aydındır.

"Nə qədər çox olsaq, sabahkı fəlakətin ölçüsü də, o qədər kiçik olar"

SİTAT: "Bu gün ətrafındakı çılğın, dəli insanlar, sağlam olmayan və bitməyən səs-küylə bunu etmək mümkün deyil. Amma hər şey öz əlinizdədir. Danışın və yeni bir cərəyanın, yeni bir hərəkatın bir hissəsi olun! İş yerində danışın, dostlarınızı ziyarət edərkən və ya söhbət edərkən həyətdə danışın. Bu, inqilaba çağırış deyil. Bu, ölkəni xilas etməyin yoludur. Nə qədər çox olsaq, sabahkı fəlakətin ölçüsü də, o qədər kiçik olar. Buna görə də hərəkət etmək lazımdır. Elə indi, gecikmədən".

Minasyan əlavə edib ki, proses artıq başlayıb: "Ana dilimiz və tariximiz adına parlaq bir gənclik İrəvanın mərkəzindəki küçələrə çıxdı. Parisdə hadisələrin mahiyyətini yetərincə dərk edən soydaşlarımız etiraz səslərini qaldırırlar. Artıq bir çox başqa proseslər başlayıb. Onlara qoşulun və ya yenilərini yaradın. Yeganə səhv hərəkətsizlikdir".

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə