"Onlar əməllərinə görə cavab verəcəklər" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə Avropada yaşayan mühacirlərin deportasiyası prosesi əslində çoxdan başlamışdı. Sadəcə olaraq məsələnin hüquqi tərəflərinin həlli qalmışdı. Bu proses artıq bu ildən başlayaraq sürətlənir. Çünki Avropada da çox gözəl bilirlər ki, “Ərəb baharı”ndan, Yaxın Şərqdəki hadisələrdən sonra onlarla, yüzlərlə insan Avropaya sığınmağa başladı və prosesə nəzarət etmək bir qədər çətinləşdi. Ona görə də artıq Avropanın özündə bu günə qədər siyasi sığınacaq alan insanların dərindən yoxlanılmasına başlanıldı". Bunu SİA-ya internet-media eksperti Səbuhi Abbasov deyib.

Ekspertin sözlərinə görə, Avropa dövlətləri birmənalı şəkildə bilirdilər ki, siyasi mühacirət anlayışı artıq bir alverə, biznesə çevrilib: "Əslində ilkin mərhələdə Avropa ölkələri bundan yararlanmağa çalışırdılar və bu kimi insanları ölkələrinə buraxmaqla onları öz agentlərinə, əlaltılarına, “maşa”larına çevirməyə başladılar. Yəni həmin insanlardan digər ölkələrə qarşı təzyiq mexanizmi kimi istifadə etməyə başladı. Lakin bir müddət keçəndən sonra anlaşıldı ki, bu da uğurlu yol deyilmiş. Bütün bunlar əslində münasibətlərin gərginləşməsi ilə nəticələnir. Son dövrlərdə bunları sayı artmışdı. Söhbət tək Azərbaycandan getmir. İnsanlar kütləvi şəkildə çalışırdılar ki, hər hansı bir formada xarici ölkədə kimlərinsə himayəsinə sığınsınlar. Təbii ki, onlar da azərbaycanlıdır və əməllərinə görə hər bir Azərbaycan vətəndaşı kimi cavab verəcəklər. Düşünürəm ki, bu həm də erməni diasporasına işləmək niyyəti olan soydaşlarımız üçün də çox böyük bir dərs olacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə