“Bu gün icazəsiz aksiyaya çıxarılanlar sabah Avropaya mühacir kimi satılır” RƏY-ÖZƏL

"Azərbaycanda rahat, təhlükəsiz, sərbəst, azad yaşamaq, fəaliyyət göstərmək istəməyən, radikal müxalifət, icazəsiz aksiya, qarşıdurma yaratmaqla gündəmdə qalmaq istəyir". Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri, “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib.

Onun sözlərinə görə, bu, onlar üçün asan bir seçim və yoldur: "Ona görə ki, radikallar fəaliyyətlərini ancaq bu yola istiqamətləndiriblər. Müsavat başqanı Arif Hacılı özünə 14 müşavir təyin etməkdənsə, aksiyalarda səsləndirdikləri məsələlərlə bağlı partiyanın “başbilənlər”i təkliflər paketini ictimailəşdirsinlər, konsepsiya hazırlasınlar. Millət də görsün ki, bunlar hansı təfəkkürə, ağla malikdirlər. Azərbaycan cəmiyyəti bu vaxtadək radikal müxalifətdən ağıllı, məntiqli, xeyirli bir təklif eşitməyib. O təklif ki, milli maraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalaşıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirmək hüququna malikdir. AXCP və Müsavat kimi partiya funksionerləri bu hüquqdan qarşıdurma, təxribat yaratmaq məqsədilə sui-istifadə edirlər. İcazəsiz aksiyalara çıxanlara təklif edilsə ki, səfərbərlikdir, gedirik torpaqlarımızı azad etməyə, qaçıb gizlənəcəklər. 25 ildir bizim müxalifət ancaq hay-küy yaradır, üz-gözlərini cırmaqlayır. Nə istədiklərini, tələb etdiklərini heç özləri də bilmirlər. Bu gün mühacir alveri edən müsavatçıların Almaniyada saxlanıldığı məlumatı yayılıb. Müsavat və AXCP-nin icazəsiz aksiyalar keçirməkdə əsas məqsədlərindən biri də bu alveri genişləndirmək, əlavə vəsait əldə etməkdir. Bu gün icazəsiz aksiyaya çıxarılan insanlar sabah Avropaya mühacir kimi “satılır”. Qazanan radikal müxalifət liderləri olurlar, evini, avtomobilini satıb "firavan həyat" dalınca Avropada sığınacaq alan şəxs isə bədbəxt olur. Bir neçə ildən sonra ölkəsinə deportasiya olmaq məcburiyyətində qalır. Onda da gec olur. Kərimli, Həsənli, Hacılı kimi insanlar öz dəbdəbəli həyatlarını belə gənclərin taleləri üzərində qurublar. Belə insanlara icazəsiz aksiyalarda qanın tökülməsi, iğtişaşın yaranması lazımdır ki, ondan mənfəətləri üçün istifadə edə bilsinlər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə