“Artıq ölkəmizin nəqliyyat uğurları qitələrarası istiqamətə də yönəlib” - BƏHRUZ QULİYEV

"Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdəki nəqliyyat sektorunda əldə etdiyi nailiyyətlər kifayət qədərdir və biz bunu son illər həyata keçirilən müxtəlif layihələrdən də görmüşük". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən, irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

Siyasi ekspertin sözlərinə görə, nəinki dəmir yolu sektorunda, ümumiyyətlə nəqliyyat sektorunda yükdaşımalarda, turizm sahəsində və s. sahələrdə qazanılan uğurların hər birinin əsasında güclü və tükənməz iqtisadi potensial, ən müasir standartlara malik nəqliyyat infrastrukturların və dəhlizlərinin yaradılması və s. bu kimi faktorlar dayanmaqdadır: "Əbəs deyil ki, cənab Prezident bu xüsusda fikirlərini bildirərkən vurğulayıb ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 31-ci yerdədir. O cümlədən, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdə qərarlaşıb. Əlbəttə ki, dünyanın aparıcı dövlətləri sırasında və qısa müddət ərzində belə bir böyük uğurların əldə edilməsi özündə digər mühüm amilləri ehtiva etməkdədir. Misal üçün, ölkəmizin müxtəlif beynəlxalq iqtisadi layihələrdə həm təşəbbüskar, həm də iştirakçı olaraq çıxış etməsi faktının özü sübut edir ki, dünyanın aparıcı dövlətləri nəqliyyat sektorunda mühüm coğrafi əhəmiyyətlərə malik olan Azərbaycanla əməkdaşlığa can atır, həmin istiqamətdə növbəti layihələri reallaşdırmağa çalışırlar. Bu baxımdan, yalnız dəmir yolu deyil, eyni zamanda avtomobil yolları, həmçinin dəniz vasitəsi ilə həyata keçirilən marşrut xətlərinin təminatında ölkəmiz liderlik mövqeyini qoruyub-saxlamaqdadır. Prezident İlham Əliyevin sözügedən görüşdə ötən il yeni dəniz ticarət limanının, 2017-ci ildə isə Bakı-Tbilisi-Qars tarixi dəmir yolunun istifadəyə verilməsini də xatırlatması bu deyilənləri kifayət qədər təsdiq edir. Ümumiyyətlə, ölkəmiz bütün sahələrdə olduğu kimi, nəqliyyat tranzitində də öz etibarlığını qoruyub-saxlamaqdadır".

"Ölkə başçımızın son aylarda qonşu ölkələrin dövlət rəhbərləri ilə görüşü barədə qeyd etdiyi fikirlərindən də belə bir nəticə hasil etmək mümkündür ki, Azərbaycan mehriban qonşuluq prinsiplərinə sadiqdir və istər nəqliyyat, istər tranzit sahəsində aparılan danışıqların nəticələrinin müsbət həll olunması da həmin fikirləri isbatlayır", deyə qeyd edən Bəhruz Quliyev əlavə edib ki, bu gün Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizinin fəaliyyəti isə onu sübut edir ki, artıq ölkəmizin nəqliyyat uğurları qitələrarası istiqamətə də yönəlib: "Baxın, bu gün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə də yüklər daşınır, habelə Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolu artıq birləşib. Bütün bunlar isə bilavasitə cənab İlham Əliyevin məqsədyönlü, qətiyyətli və uzaqgörən siyasətinin aşkar göstəricisidir. Çünki bu layihələrin hər birində ölkəmizin böyük, danılmaz təşəbbüsləri, ideyaları dayanır. Eyni zamanda, Azərbaycanın Şimal-Cənub, Şərq və Qərb nəqliyyat dəhlizinə də mühüm yer alması həmin nəhəng layihələrin davamlı olacağı anonsunu verməkdədir. Bu, eyni zamanda dövlətimizə, xalqımıza çox böyük dividentlər verəcək ki, həmin vasitələrlə həm ölkəmizin iqtisadi və sosial təməlləri möhkəmlənməkdə davam edəcək, həm də vətəndaşlarımızın sosial-rifah hallarının daha da gücləndirilməsinə nəhəng töhfələr veriləcək. Ümumiyyətlə, son illər ərzində ölkəmizdə 15 min kilometrdən çox yolun çəkilməsi, çoxsaylı körpülərin, aeroportların tikilməsi həqiqətən də iqtisadi inqilab reallığıdır ki, biz qarşıda bundan da uğurlu hadisələrin şahidlərinə çevriləcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...