Vladimir Putin II Bakı sammitinin iştirakçılarına məktub ünvanlayıb

Rusiya Prezidenti Vladimir Putin bu il öz 70 illik yubileyini və din xadimi kimi 40 illik fəaliyyətini qeyd edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni ordenlə təltif edib. SİA-nın xəbərinə görə, A.Paşazadə cəmiyyətdə tolerantlıq və dözümlülüyün artırılmasına, dini-mədəni sahədə xalqlar arasında etimad mühitinin yaradılmasına dair səylərinə görə ordenlə mükafatlandırılıb.

Ordeni Şeyxülislama Dünya dini liderlərinin II Bakı sammitinin açılış mərasimində Rusiya Federasiya Şurasının sədrinin müavini İlyas Ummaxanov təqdim edib.

Bundan əlavə Rusiya Prezidenti Dünya dini liderlərinin II Bakı sammitinin iştirakçılarına məktub da ünvanlayıb.

Putin məktubunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin səylərini xüsusilə ilə qeyd edib. “Rusiyanın mərkəzi müsəlman təşkilatları və Rus Pravoslav Kilsəsi ilə səmərəli əməkdaşlığın genişləndirilməsinə, dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyiniz əhəmiyyətli töhfənizi məmnuniyyətlə qeyd edirəm”, - deyə Putin məktubunda qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə