"Bundan sonra da inkişafımız uğurlu olacaq, gələcəyimiz parlaq olacaq"

"Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. 2003-cü ildən bu günə qədər ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, savadlılıq 100 faiz, yoxsulluq son 16 il müddətində təxminən 50 faizdən 5 faizə düşüb". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Dünya Liderlərinin II Bakı Sammitinin açılış mərasimində çıxış edərkən deyib.

Prezident bildirib ki, Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan Kosmik Klubunun üzvüdür: "3 peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr sadəcə nəqliyyat layihələri deyil, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Şərq Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan üzərindən keçir. Bütün bu nailiyyətlər deməyə əsas verir ki, bundan sonra da inkişafımız uğurlu olacaq, gələcəyimiz parlaq olacaq".

Ölkə başçısı söyləyib ki, uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir: "Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyi və bizə verdiyi dəstəyidir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amilləəindən biridir. Eyni zamanda dinlərarası münasibətlər də bizim gücümüzü artırır. Mən əminəm ki, Zirvə görüşünün böyük əhəmiyyəti olacaq. Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, anti semtizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə din don geyindirməmək, ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, bu məsələlər ölkəmizin bu istiqamətdə siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri də bu istiqamətdə atılan növbəti addım olacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə