"Yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır"

"Dinlərarası dialoqdan danışarkən təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda münaqişələri din amilinə bağlamaq cəhdlərini də şox ciddi şəkildə pisiləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqda yaşayıb-yaratmışdı. Əsrlər boyu qədim xəritələrdə, eyni zamanda Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəriitələrdə Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir". SİA-nın xəbərinə görə, bunu Prezident İlham ƏLiyev Dünya Liderlərinin II Bakı Sammitinin açılış mərasimində çıxış edərkən deyib.

Ölkə başçısı bildirib ki, Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur: "Sadəcə olaraq XIX əsrin əvvələrində ermənilər Dağlıq Qarabağa köçürülüb və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdı. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında çəkilən xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərara qəbul edilmişdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu çox önəmli məqamdır. Çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatan erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərara qəbul edilmişdi. Halbuki bu belə deyil. Tarixi sənədlər göstərir ki, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsində saxlamaq haqqında qərar qəəbul edilmişdi. Bu eyni zamanda tarixi, siyasi məqamları əks etdirir. Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı aqressiyaya başlamışdı. Hərbi aqressiya nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdi. Tarixi abidələrimiz, qəbrlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır".

Prezident qeyd edib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib: "Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlardan çıxarılması haqqında açıq-aydın müddəlar var. Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər Beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı, İƏT, Avropa Parlamenti, Avropa Şurası oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli ilə bağlı yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır".

İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağın ətraf rayonlardan bir milyon azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşmüşdür: "O zaman Azərbaycan əhalisi 8 milyon idi. Təsəvvür edin ki, nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edib, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Ötən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşünün Yekun Bəyənnaməsi də həqiqəti əks etdirir. Qeyd etməliyəm ki, Azərbaycan ötən il bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdür. 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bundan sonra 3 il müddətində Qoşulmama Hərəkatına sədrlik edəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə