"Biz özümüzü, xüsusilə də gənc nəsli yad təsirdən qorumalıyıq" - PREZİDENT

"Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi var. Müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Dünya Dini Liderlərinin II Bakı sammitinin açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, biz İslam dininə sadiqiq, öz dinimizi təbliğ edirik: "Eyni zamanda Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edir. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır. Beynəlxalq təşkilatlar eyni zamanda dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş zati-müqəddəsləri Moskva və Ümumrusiya patriarxı Kiril, Roma Papası Fransis, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər dəfələrlə Azərbaycanda dinlərarası dialoqu yüksək səviyyədə təşkil edilməsi haqqında öz sözlərini demişlər. Bu sözlər bizim üçün dəyərlidir və bu, reallığı əks etdirir".

Prezident söyləyib ki, Azərbaycan o ölkələrdəndir ki, öz inkişafını milli köklər üzərində qurub, ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşününü mövzülarından biri də bu olacaq. Çünki biz görürük ki, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, milli təfəkkürümüzə uyğun olmayan yeni "dəyərlər" aşılanır. Biz özümüzü, xüsusilə də gənc nəsli yad təsirdən qorumalıyıq. Buna görə də ənənəvi dəyərləri, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalı, bu istiqamətdə Azərbaycanda aparılan siyasət həm dövlət həm də dini liderlər tərəfindən aparılan siyasət çox böyük qiymətə layiqdir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...