Müsavatçılar özlərini bir daha biabır etdilər SİYASİ FAKT

Arif Hacılının icazəsiz piketi ona baha başa oturacaqmı?

Məlum olduğu kimi, Müsavat partiyası BŞİH-dən mitinq keçirmək üçün yer istəmişdi və bu dövlət qurumu partiyanın aksiyası üçün Lökbatan stadionunu təklif etmişdi. Lakin partiyanın rəhbərliyi, xüsusilə başqan Arif Hacılı ayrılan yerlə razı olmadığını bəyan edərək, paytaxtda ictimai sabitliyi pozmaq üçün cəhdlər göstərdi. Yəni BŞİH-nin qarşısında icazəsiz piket keçirməyə çalışdı. Lakin sosial şəbəkələrdə edilən çağırışlara baxmayaraq, piketə uzağı 15 nəfər adam qatıldı və azsaylı müsavatçıların ictimai asayişi pozmaq cəhdlərinin qarşısını hüquq-mühafizə orqanları aldı.

Müsavat partiyasının başqanı Arif Hacılının çağırışından sonra onun səsinə cəmi-cümləsi 15 nəfər səs verdi

Ümumiyyətlə, son vaxtlar bu kimi cəhdlərin baş verməsi arxasında dayanan məsələlərdən biri də radikalizm yolunu tutmuş sözdə müxalifətin müxtəlif xarici təşkilatlardan aldıqları sifarişlərdir. Artıq bu faktdır və danılmazlığı ilə sübuta yetirilib. Radikallara verilən sifarişin tərkib hissələrindən biri də budur ki, hətta hakimiyyət onlara mitinqlər keçirmək üçün müvafiq yerlər ayırsa belə, onlar buna etiraz etməli, məhz şəhərin mərkəzində siyasi aksiyalarının keçirilməsi tələbini irəli sürməlidirlər. Halbuki, radikallar buna qədər də dəfələrlə şəhərdən kənar yerlərdə BŞİH tərəfindən təyin olunmuş yerlərdə mitinqlər keçiriblər. Bunu görən anti-Azərbaycan xarakterli xarici qüvvələr radikal müxalifətdən istifadə etməklə mövcud ictimai sabitliyi, asayişi pozmaq üçün çirkin və məkrli planlarını işə salmağa çalışırlar. Ancaq göründüyü kimi, bu da onlarda alınmır, çünki xalq kiçik və başıpozuq kütlənin, eləcə də bu kütlənin “liderlərinin” çağırışlarını birmənalı olaraq rədd edir. Necə ki, noyabrın 12-də Müsavat partiyasının başqanı Arif Hacılının çağırışından sonra onun səsinə cəmi-cümləsi 15 nəfər səs verdi...

Təşkilatın divan və məclisinə, həmçinin başqanlığına keçirilən seçkilərdəki saxtakarlıqları sözün əsl mənasında öz “bəhrələrini” verir

Bu, həm də onu sübuta yetirdi ki, artıq Müsavat partiyası rəhbərliyinin nəinki ictimai rəydə, eyni zamanda öz tərəfdarları arasında heç bir təsir imkanı yoxdur.

Yeri gəlmişkən, bu, Müsavat partiyasının, xüsusilə başqan Arif Hacılının son iki ayda ikinci və belə gedərsə davamlı uğursuzluğunun bariz isbatıdır. Belə ki, partiyanın növbəti qurultayında A.Hacılının və eks-başqan İsa Qəmbərin müdaxilələri, təşkilatın divan və məclisinə, həmçinin başqanlığına keçirilən seçkilərdəki saxtakarlıqları sözün əsl mənasında öz “bəhrələrini” verir. Müsavatın sıraları sürətlə seyrəlir və yarpaq tökümü bir neçə ildir ki, davam edir. Belə olan halda, bu partiyanın nə başqanı, nə də adı siyasi arenada heç bir üstünlük qazanmır, əksinə sürətlə geriləyir və ya siyasi məhvə doğru irəliləyir.

Beləliklə, fakt budur ki, müsavatçıların 15 nəfərlik və biabırçı icazəsiz piket keçirmək cəhdləri həm də A.Hacılıya baha başa oturacaq. Hətta onun öz postundan istefa verməsi tələbləri də baş qaldıracaq ki, bu da həm onun özünün, həm də bütövlükdə Müsavatın siyasi sonluğu üçün ölüm akkordu olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə