Musa Quliyev: "2020-ci ilin dövlət büdcəsi investisiya tutumlu və sosialyönümlüdür"

“2020-ci ilin dövlət büdcəsi investisiya tutumlu sosial büdcədir. Büdcə həm iqtisadi inkişafımızın daha da yüksəlməsinə həm də əhalinin sosial rifah halının daha da yaxşılaşmasına xidmət edəcək”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin üzvü Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı deyib.

O bildirib ki, 2020-ci ilin dövlət büdcəsinin xərclərinin 40 faizə yaxını sosial sahəyə həsr edilib.

2019-cu ilin sosial müdafiə sahəsində xüsusi il olduğunu deyən deputat söyləyib ki, cari ildə ölkə başçısı tərəfindən bu istiqamətdə imzalanan 30-a yaxın fərman və sərəncamlar, iki mühüm sosial paket sayəsində minlərlə insanın rifah halı daha da yaxşılaşıb.

Onun sözlərinə görə, hər il ölkəmizdə əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur: “Uçot vergi və sığorta bazasının təkmilləşdirilməsi ilə bağlı yeni üsullar tapılmalıdır. Yeni iş yerlərinin açılması əmək müqavilələrinin bağlanmasında şəffaflığı təmin etmək üçün 5 il müddətində kiçik və orta sahibkarlar vergi ödəmələrindən azad edilib. Bu, həm sahibkarların fəaliyyətinin, həm də sığorta bazarının genişlənməsinə xidmət edir".

M. Quliyev çıxışının sonunda təmsil olunduğu Gəncə şəhərində 3 saylı təcili tibbi xəstəxananın təmir edilməsini xahiş edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...