"Lavrovun bu fikri dilə gətirməsi üzücüdür" ÖZƏL-MÜNASİBƏT

“Son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafında maraqsız olan qüvvələrin fəllaşması, onların iki dost ölkə arasındakı münasibətlərə xələl gətirilməsi istiqamətindəki atdıqları addımlar bizim ekspertlər tərəfindən ciddi şəkildə təəssüf doğurmaqdadır. Rusiya XİN rəhbərinin İrəvandakı mətbuat konfransında faktiki olaraq Ermənistanın Baş nazirinin sözlərini təkrarlaması, Qarabağın yerli əhalisinin əvvəllər danışıqlar masasında olduğunu, sonra isə, Petrosyan tərəfindən sülh danışıqlarında formatın dəyişilməsinin, lakin, indi də danışıqlarda Qarabağ sakinlərinin fikrinin vacib olduğunu dilə gətirməsi üzücüdür”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

“Lavrovun da nəzərinə çatdırmaq lazımdır ki, birincisi, Qarabağın yerli əhalisi deyərkən oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir. İkincisi, yenilənmiş Madrid prinsiplərinin sonuncu bəndinə əsasən Qarabağda referendum işğal altındakı ətraf rayonların qaytarılmasından və azərbaycanlı məcburi köçkünlərin Qarabağa köçürülməsindən sonra baş tutmalıdır. Beynəlxalq hüququn tələbinə əsasən, muxtar vilayətlər ümumrespublika konstitusiyasını poza, dövlətin paytaxtının icazəsi olmadan birtərəfli şəkildə müstəqillik elan edə bilməzlər. Bunu İspaniya Kataloniyadakı birtərəfli referendumun nəticələrini tanımayaraq və separatçıların liderlərini həbs edərək sübut etdi.

İndiki halda Qarabağın yekun statusundan danışmaq danışıqlar prosesinə xələl gətirəcək məsələdir. Dünyanın 120 dövlətinin Ermənistanı işğalçı kimi tanımasını, beynəlxalq hüququn məhz Ermənistan tərəfindən pozulmasını nəzərə alaraq, məhz İrəvan ilk əvvəl mərhələli həll variantı haqqında düşünməli, Madrid prinsiplərinin ilkin mərhələlərində qeyd olunmuş - ətraf rayonları Azərbaycana qaytarmalıdır.

Xüsusilə xatırladırıq ki, şimal qonşumuzun siyasi istemblişmentində Qarabağla bağlı iki mövqe formalaşmışdır. Daha güclü olan birinci mövqeyə əsasən, Qarabağın status - kvosu dəyişməməli, ətraf rayonlar məsələsi də olduğu kimi qalmalıdır. Bu mövqeni ənənəvi olaraq XİN dəstəkləyir. İkinci mövqeyə əsasən, - Ağdam, Fizuli və daha 2 -3 rayon qaytarılmalı, bunun əvəzində isə, Azərbaycan Avrasiya İttifaqı və KTMT-ya daxil olmalıdır”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...