Büdcədən deputat seçkilərinə 51 milyon manat ayrılıb

2020-ci ildə gömrük orqanları vasitəsilə dövlət büdcəsinə 4 milyard manat vəsaitin daxil olması gözlənilir. Növbəti il bir çox sahələrdə xərclər də artacaq. SİA-nın xəbərinə görə, bu sözləri Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində icbari tibbi sığortanın yeni mərhələsinə dair məbləğ nəzərdə tutulur. Gələn il üçün bu illə müqayisədə elm, təhsil, mədəniyyət, hüquq-mühafizə, gənclər siyasəti və digər sahələrə daha çox məbləğ ayrılıb. Büdcə layihəsində əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması üçün ehtiyac meyarının və yaşayış minimumunun artırılması nəzərdə tutulur.

S. Şərifov söyləyib ki, 2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır: " Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb. Növbəti ildə də bu işlər davam etdiriləcək. 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək".

Nazir əlavə edib ki, 2020-i ildə Milli Məclisə seçkilərin keçirilməsi üçün büdcədən 51 milyon manat ayrılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə