İlqar Məmmədovun avtoritar idarəçiliyi QARŞIDURMA

Bu reallıq “REAL”dakı istefaları artırır

Son bir neçə gündə “REAL” partiyasında baş verən qalmaqallar növbəti istefalar dalğasını reallaşdırmaq üzrədir. Belə ki, partiyanın qurultayının müəyyən edilməsi və bu yöndə aparılan təşkilatdaxili müzakirələrdə qurumun funksioneri Azər Qasımlının sədr İlqar Məmmədovu hədəfə alması artıq belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, orada avtoritar idarəçilik mühiti mövcuddur. Liberal dəyərlərdən, demokratik prinsiplərdən dəm vuran İ.Məmmədovun sonda meydanda tək buraxılacağını da istisna etmək olmaz. Misal üçün, hələ bir müddət əvvəl partiyanın daha bir neçə üzvü təşkilatda müxtəlif tövsiyələr irəli sürdüklərini, lakin həmin tövsiyələrinin qəbul edilmədiyini deyərək, istefa verdiklərini bəyan etdilər.

Azər Qasımlı özünə yeni siyasi partiya yaradaraq, İlqar Məmmədovdan narazıları öz ətrafına toplayacaq

Bu dəfə isə, “REAL”ın yaranmasında fəaliyyət göstərmiş Azər Qasımlının qalmaqallı gedişi partiyadaxili narazıların da onu dəstəkləməsi ilə nəticəsini tapdı. Hətta belə bir məsələ də ortaya çıxıb ki, A.Qasımlı özünə yeni siyasi partiya yaradaraq, narazıları öz ətrafına toplayacaq. Əlbəttə ki, bu vəziyyəti bir az da gərginləşdirəcək. Görünür, bu səbəbdən partiyanın digər aparıcı funksioneri Natiq Cəfərli İ.Məmmədovun tapşırığı əsasında A.Qasımlının istefasını yumşaq şəkildə şərh edib. Misal üçün o bildirib ki, A.Qasımlının “REAL” partiyasından istefa verməsinə təəssüf edir və s.

Ortada kompromat təhlükəsi var?

Lakin onun səmimiliyi ümumiyyətlə görünmür və bu baxımdan N.Cəfərli bildirib ki, A.Qasımlı istefa verməsi barədə emosional danışıb və ümid edir ki, bir müddətdən sonra o, fikrini dəyişərək dostlarının yanına qayıdacaq və s. Məhz bu ifadədən də belə nəticəyə gəlmək olar ki, N.Cəfərlinin necə deyərlər, “pişim-pişimlə” danışması, yəni ehtiyatlı fikir bildirməsi sədrinin ona verdiyi tapşırığıdır. Əgər A.Qasımlı özünə siyasi təşkilat yaradacaqsa, həmin təşkilata İ.Məmmədova etiraz edən “REAL” üzvlərini də qatacaqsa, demək vəziyyət kökündən dəyişəcək. Ona görə də, N.Cəfərli qarşı tərəfi emosianallıqda günahlandırmaqla deyib ki, əgər qurultayla bağlı A.Qasımlının təklifi keçməyibsə, onun buna görə istefası da doğru deyildi və s...

Nəticə isə budur ki, artıq iş-işdən keçib və ortada heç bir kompromis görünmür. Əksinə, “REAL” partiyasının sədri İ.Məmmədovun N.Cəfərli vasitəsi ilə canfəşanlıq göstərməsinə daha bir səbəb A.Qasımlının əlində olan bir sıra kompromatları ictimailəşdirmək qorxusudur. Hər halda, adıçəkilən partiyada cərəyan edən proseslər də belə nəticəyə gəlməyə zəmin yaradır. Qurultay baş tutacaqsa, oradan növbəti istefaları gözləmək kifayət qədər mümkündür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə