ABŞ-Türkiyə müttəfiqliyi, yoxsa maraqların tanımamazlığı ŞƏRH-ÖZƏL

“ABŞ Türkiyə arasında Suriya böhranına görə konfliktin dərinləşməsi Moskva- Ankara oxunu kifayət qədər gücləndirdi. Vaşinqtondan heyətlər Ankaraya səfər edərək çalışırlar ki, Ankara ilə əlaqələri bərpa etsinlər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Hazırda ABŞ-la Türkiyə arasında konfedensial danışıqların getdiyini deyən politoloq söyləyib ki, prezident Donald Tramp Ərdoğanı noyabrın 13-də “Ağ Ev”də gözləyəcəyini qeyd edib: “Ağ Ev” heyəti məhz bu səfərin reallaşması üçün Ankaradadı və Rəcəb Tayyib Ərdoğanı bu səfərə razı salmaq, danışıqların gündəliyini hazırlayırlar”.

M. Əsədullazadə qeyd edib ki, Ərdoğan Konqrensin Nümayəndələr palatasının məlum qətnaməsinə görə ABŞ səfərini təxirə salmışdı: “ABŞ tərəfi bu səfərin reallaşması üçün çalışır. Ərdoğanla Tramp arasında isti və normal münasibətlər var. Tramp Türkiyəyə güzəştə gedir və onun maraqlarını tanıyır. Məhz "Barış Çeşməsi" əməliyyatı Trampla telefon danışıqlarından sonra reallaşdı. Ərdoğanın səfəri baş tutsa, “Ağ Ev” də çalışacaq ki, maksimum güzəştlər əldə etsin. Tramp həmin güzəştləri Ərdoğana tanıyacaq. Amma, seçki qabağı demokratlar onu ABŞ-ın maraqlarını Türkiyəyə satdığına görə yenidən tənqid obyektinə gətirəcəklər”.

Politoloq vurğulayıb ki, Trampın Türkiyə barədə qərar verməsi çətinləşib: “Artıq Ərdoğan da Trampla görüşünün xüsusi əhəmiyyət kəsb etmədiyinin fərqindədir. Çünki, sonra Trampa qarşı təzyiqlər olduqada, o geri çəkilir. Türkiyə çalışır ki, Şimali Suriyada Rusiya və ABŞ-la anlaşma bu dövlətlər tətəfindən əməl edilsin. Demək olar ki, bufer zona yaradılıb. Ərdoağanın səfəri reallaşsa, Türkiyədə məskunlaşan qaçqınların bufer zonaya köçürülməsi üçün Trampla razılaşacaq. Qeyd edim ki, ABŞ Suriyanın neftlə zəngin şərq bölgəsində yeni hərbi baza yaradır. Burada YPG terror təşkilatının fəaliyyəti yenidən mümkündür. Bu da yenidən tərəflər arasında problemlərə yol açacaq”.

Politoloq əlavə edib ki, ABŞ-Türkiyə problemləri Ərdoğanın bu səfəri ilə normallaşmayacaq: “Problemlər ciddi surətdə davam edəcək. ABŞ-Türkiyə müttəfiqliyi bundan sonra mümkün deyil. Yaxın Şərqdə ABŞ Türkiyəsiz yeni nizam qurmaq üçün plan həyata keçirir. Bu strategiya Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Türkiyə də buna qarşı müqavimət göstərir və planları pozur. ABŞ Türkiyənin maraqlarını tanımayacaqsa, müttəfiqlik əlaqələri də olmayacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə