Rusiyanın mövqeyi niyə güclənib?

Rusiya dünyada mövqeyini möhkəmləndirir və Ərəb dövlətləri, eyni zamanda Afrika qitəsi istiqamətindəki işləri bunun əyani sübutudur. SİA xəbər verir ki, bunu Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün “Qarabağ saatı” mövzusunda keçirdiyi növbəti mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, Ərəb dünyası və Afrikada Rusiyanın mövqeyinin güclənməsi ABŞ-ın birbaşa və ya dolayısı ilə təzyiqlərinin artması fonunda baş verir.

“Soçidə (RF) “Rusiya-Afrika” ilk sammiti keçirildi. Sammitdə 43 Afrika ölkəsinin təmsilçiləri iştirak etdi. Onlardan 11-i dövlət prezident, vitse-prezident və Xİ naziri səviyyəsində təmsil olundu. RF prezidenti V.Putin bu sammitlə Rusiyanın Afrika kontingenti ilə əlaqələrində yeni səhifə açdığını bildirdi. Bu tədbirdə Misir prezidenti əs-Sisinin iştirakı xüsusi diqqət çəkir. Afrika qitəsinə daxil olsa da Misir Ərəb dövlətidir və prezident V.Putin iki Ərəb dövlətinə səfər etməklə Yaxın Şərqdə, Ərəb dünyasında mövqeyini möhkəmləndirir.

Afrika İttifaqı ilə Rusiya arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın əsasları barədə memorandum imzalandı. Müqaviləni Rusiya tərəfdən prezident V.Putin, Afrika İttifaqı tərəfindən isə Misirin prezidenti Əbdül Fəttah əs-Sisi imzaladılar. RF Afrika ölkələrinə daxili vəziyyətin sabitləşməsinə kömək göstərəcəyini bildirdi. Namibiyanın uran resursları RF üçün mühüm əhəmiyyətə malikdir”, deyə M.Əhmədoğlu xatırladıb.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri deyib ki, Ərəb dövlətləri ilə əlaqə RF üçün daha vacib əhəmiyyətə malikdir. “İordaniyanın kralı II Abdulla Soçidə prezident V.Putinlə görüşdü. V.Putin İordaniyanı Yaxın Şərqdə Rusiyanın vacib tərəfdaşı adlandırdı; Rusiyanın Yaxın Şərqdə vacib rolunu dəstəklədiyini bildirdi. Onun fikrincə, Rusiyanın iştirakı olmasaydı Suriyada dinc sülh prosesləri və digər məsələlər inkişaf edə bilməzdi.

Səudiyyə Ərəbistanında prezident V.Putini təmtəraqla qarşıladılar. İkitərəfli əlaqələrin bütün spektri, Yaxın Şərq regionundakı vəziyyət geniş müzakirə edildi. Səudiyyə Ərəbistanı ilə Rusiya arasında əməkdaşlığın özəyi neft-qaz sahəsindəki əməkdaşlıqdır. Bəzi müqavilələr də bu sahəni əhatə edir. Prezident V.Putin sonra Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi. Hər iki ölkədə olarkən bir neçə müqavilə imzalandı. Hər iki ölkədə RF prezidenti V.Putini xüsusi ehtiramla qarşıladılar. Ərəb dünyasının öncülləri olan bu iki dövlət, xüsusilə Səudiyyə Ərəbistanı bununla dünyada gedən proseslərdə ABŞ-ın rolunun zəiflədiyini, Rusiyanın rolunun gücləndiyini dərk etdiyini nümayiş etdirdilər.

ABŞ mənbələrinə görə Ərəb dünyasındakı qeyri-qanuni silahların 90 faizi Rusiyaya məxsusdur. İraq Kürdüstanına səfərini Bağdaddan başlayan RF Xİ naziri S.Lavrov İraqın Baş naziri Adil Əbdül Mehdi, Xİ naziri Məhəmmədəli əl-Hakimi, parlamentin sədri Məhəmməd əl-Halbusi və prezident Bəhram Salehlə görüşlər keçirdi. Məqsəd İraq Kürdüstanında keçirdiyi görüşlərin İraqın əleyhinə olmadığını nümayiş etdirmək idi. İraq Kürdüstanında isə Xİ naziri S.Lavrovun keçirdiyi görüşlər daha geniş spektrli idi.

İraq Kürdüstanının indiki liderləri ilə yanaşı, hətta keçmiş prezident Məsud Bərzani ilə də görüşdü.
RF Xİ naziri S.Lavrov İraq Kürdüstanında olarkən Suriya kürd müxalifətinin bəzi təmsilçiləri ilə də görüşdü.
İraqa səfərində Xİ naziri S.Lavrovu “Qazprom” və “Rosneft”in rəhbərləri də müşayiət edirdi. Rusiya İraq Kürdüstanında neft-qaz layihələrinə 3 milyard dollar investisiya qoymuşdu. İraq Kürdüstanında müstəqillik haqqında referendumun iflasa uğraması Rusiyanın investisiyasını batırıb. S.Lavrov əsasən bu investisiyanın bərpası ilə məşğul olsa da İraq Kürdüstanı Rusiyanın Yaxın Şərq siyasətində vacib coğrafiyaya çevrilməsi məsələlərinin müzakirə olunduğunu güman etmək olar”, deyə politoloq bildirib.

Politoloq Mübariz Əhmədoğlu Suriya məsələsində Rusiyanın aktivliyi pik nöqtəsinə çatdığını da diqqətə çatdırıb. “RF Suriyada ABŞ, İran və Türkiyəyə qarşı oyun aparır. ABŞ artıq Suriyanı hərbi prizmadan qüvvə olaraq tərk edib. ABŞ-ın Suriyada saxladığı hərbi qüvvə yalnız Suriyadakı neft yataqlarının mühafizəsinə sərf olunacaq. RF XİN-in fikrincə, ABŞ hər ay Suriya neftindən 30 milyon dollar gəlir götürür.

Rusiyanın Suriyada ən əsas rəqibi İrandır. Türkiyənin Suriya ərazisinə müdaxiləsi zamanı İranın verdiyi reaksiya göstərir ki, İran Suriyanın daxilində özünü kifayət qədər ciddi qüvvə hesab edir və istənilən qüvvə ilə döyüşməyə hazırdır. Suriyaya müdaxilədən sonra Türkiyə ilə sərhəddə hərbi aktivlik yaratması İranın niyyətinin mesajıdır. Buna baxmayaraq, Rusiya təmkinlə özünün Suriya siyasətini inkişaf etdirir. Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlarının genişləndirilməsinin qarşısını məhz Rusiya aldı. Türkiyə prezidenti R.T.Ərdoğanla 6 saatlıq görüşdən sonra müqavilə imzalandı və azı bununla da prezident V.Putin Türkiyənin Suriyadakı niyyətlərinin 50 faizinə şərik çıxdı. Çünki bütün hərbi əməliyyatlar, patrullaşma, sərhədlərin mühafizəsi birgə reallaşdırılacaqdır.

Diqqət çəkən məqamlardan biri V.Putinin R.T.Ərdoğanla görüşü barədə B.Əsədi məlumatlandırmasından sonra baş verənlərdir. B.Əsəd V.Putinə heç bir etiraz bildirmədi, minnətdarlıq bildirdi və planı qəbul etdiyini bildirdi. Az keçmiş “SANA” agentliyi vasitəsilə Suriyanın hər hansı formada işğalına dözülməyəcəyini bəyan etdi. Bu, ehtimal ki, İranın B.Əsədə birbaşa təzyiqinin nəticəsi kimi ortalığa çıxdı.

RF rəsmiləri Xarici İşlər və Müdafiə nazirləri timsalında Suriyanın rəsmiləri ilə yanaşı müxalifəti və kürd silahlı qüvvələri ilə dialoqdadırlar. Müdafiə naziri S.Şoyqu kürd silahlı qüvvələrinin komandiri Məzlum Abdo ilə görüşdü və vacibi hərbi məsələləri müzakirə etdi.

Aİ ilə Rusiyanın arasındakı münasibətlərdə zəifləmə davam edir.

Fransa prezidenti E.Makron Rusiyanın Suriya, İran istiqamətindəki siyasətini dəstəkləməklə yanaşı, Rusiyanın Avropa məkanına yaxınlaşmasını da dəstəkləyir”, deyə M.Əhmədolu vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə