"Radikal müxalifətin qanunsuz mitinqləri cəmiyyətin normal inkişaf dinamikasına müdaxilə etmək cəhdidir"

Bu fikirləri Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov "SİA"ya dağıdıcı müxalifətin Bakının mərkəzində təxribat və qarşıdurmalarla müşayiət olunan qeyri-qanuni aksiya keçirməyə cəhd etməsi haqqında fikirlərini ifadə edərkən bildirib. Qeyd edib ki, son bir ilə yaxın müddətdir ki, Azərbaycanda özlərini "demokratik qüvvələr" adlandıran bir qrup adam ölkə daxilində sabitliyi pozmaq, inkişafımızı ləngitmək, ölkə xaricində isə əldə etdiyimiz uğurlara kölgə salmaq, ölkəmizin beynəlxaq nüfuzunu azaltmaq məqsədi ilə əhalini müxtəlif internet televiziyaları və sosial şəbəkələr vasitəsi ilə insanları qanunlara tabe olmamağa, hakimiyyət nümayəndələrinin qanuni tələblərini yerinə yetirməməyə ölkə ərazisində çaşqınlıq yaratmağa səsləyir, hətta belə icazəsiz mitinqlərə qatılmayanları təhqir edir və qorxaq adlandırırlar: "Cəmiyyətdə, xalq arasında nüfuz qazana bilməmiş həmin ünsürlər, real həyatda bütün fəaliyyətlərini dayandıraraq, virtual aləmdə yalan, şər, böhtan vasitəsi ilə siyasi manevrlər etmək, xalqı və dövləti qarşı-qarşıya gətirmək istəyirlər. Biz onların adına, haqlı olaraq, "virtual müxalifət" deyirik. Azərbaycanda virtual müxalifətin heç bir real sosial bazaya əsaslanmadan bir qüvvə kimi davranması və sanki ciddi siyasi qurum kimi özünü cəmiyyətə sırıması, sadəcə, baş tutmayan iğtişaş yaratmaq cəhdləri ilə yadda qalır. Dağıdıcı müxalifətin qanuni fəaliyyət göstərməməsi artıq cəmiyyətimizə məlumdur. Əgər özlərinə siyasi lider və kütləni idarəetmə qabiliyyəti olan adam kimi hörmət etsəydilər, onlar heç vaxt ictimaiyyətin və medianın gözü qarşısında özlərini belə cılız aparmazdılar. İcazə verilən yerlərdə öz sözlərini deyər, əgər varsa, sosial bazalarını nümayiş etdirərdilər.
Radikal müxalifətin qanunsuz mitinqləri üçün seçdikləri yerlər Azərbaycan xalqının cəmiyyətinin normal inkişaf dinamikasına müdaxilə etmək cəhdidir və bir də sosial bazasızlıq, tərəfdarsızlıqdır. İnanın Lökbatanda, onlar üçün yaradılmış yüksək şəraitli yerlərdə 500 nəfər belə yığa bilsəydilər, daha ciddi siyasi fiqur kimi hardasa qəbul oluna bilərdilər. İndiki halda isə, vətəndaş kimi mən də, bir daha əmin oldum ki, müxalifət özünü yeniləməli, bir institut kimi sağlamlaşmalıdır. Hətta bəzən düşünürəm ki, bu insanlar siyasətdən başqa, bütün sahələrdə daha çox faydalı ola bilərdilər. Mən çox təəssüf hissi ilə bildirmək istərdim ki, özlərini "Milli Şura" adlandıran qurum Azərbaycandan kənarda 2013-cü il Prezident seçkiləri dövründə təsis edilib və milli maraqlarımızı özündə ehtiva etmir. Hətta o dövrdə Azərbaycan prezidentliyinə varlığında və məfkurəsində azərbaycançılıq olmayan, hətta Azərbaycan vətəndaşlığını qəbul etməmiş bir nəfəri namizəd kimi göstərməyə cəhd etmişdilər. Elə həmin qüvvələr bir zamanlar öz liderləri olan Əbülfəz Elçibəyi dəstəkləmədikləri qədər bu gün Ermənistan baş nazirinə etiramla yanaşır və sanki onunla eyni ağızdan bəyanatlar verirlər.
Bu gün onların Azərbaycan xalqından öz yarıtmaz siyasətlərinə dəstək istəmələri cəmiyyətimiz tərəfindən qəbul olunmur və onların cəmiyyətə yükləmək istədikləri aqressiv siyasi baxışları vətəndaşlarımız tərəfindən kəskin tənqid olunur və rədd edilir. Hətta bu gün Qarabağ, vətən deyə səslərinin ən gur yeri ilə, bu dəyərli məhfumları siyasi subyekt kimi istifadə etməkdən belə çəkinməyənlərin bir çoxu Qarabağın işğalında birbaşa və ya bilavasitə əlləri olmuş adamlardır. Əgər Azərbaycanda xalqın sükanı arxasına Ulu Öndər Heydər Əliyev keçməsəydi, biz bir dövlət olaraq məhv olar, dünya siyasi xəritəsindən silinərdik. İndi də, ağıllarında hakimiyyətdə olduqları dövrün cah-calallı yaşantısı, ağızlarında hakimiyyəti şəxsi maraqlar üçün istifadənin şirəsi qalan bu antimilli qüvvələr Azərbaycanda yenidən o dövrü bərpa etmək və cəmiyyətimizi inkişafdan saxlamaq istəyirlər. Lakin bir məqamı unudurlar ki, onların hakimiyyətə gəlmələri sırf təsadüf və Ulu Öndər Heydər Əliyevin Bakıya buraxılmaması ucbatından olmuşdur. Müstəqillimizin ilk illəri idi və onların hakimimyyətə gəlməsi xalqın kamil qərarı deyildi. Bu gün isə, Azərbaycan xalqı son iyirmi altı ildə verdiyi ən müdrik və ən kamil qərarın arxasında dayanır və Ulu Öndər siyasətinə öz dəstəyini verməyi üstün tutur. Xalqımızın Ulu Öndər Heydər Əliyevə və Onun ən layiqli davamçısı olan İlham Əliyevə bəslədiyi sevgi tükənməzdir. Bu da çox təbiidir!
Təkcə 2019-cu ili ümumi nəzərədən keçirtsək, görərik ki, ötən ilin arxada qalan doqquz ayı boyunca ölkəmizdə həm siyasi, həm iqtisadi, həm də, sosial layihələrin həyata keçirilməsi baxımından, çox ciddi uğurlar əldə olunmuşdur. Dünyanın bir çox dövlətləri və xalqları, müharibələr, aclıq və səfalətlə mübarizə apardığı bir zamanda, Azərbaycan nəin ki öz yerləşdiyi regionda, həm də, bütün dünyada öz inkişaf tempinə və inkişaf göstəricilərinə görə fərqlənir və təqdir olunur. İctimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkəmizdə bütün sahələrdə əldə edilən müsbət nəticələr insanların firavan həyatını təmin edir. Azərbaycan dövlətinin prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü siyasət əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənmiş, ən gənc və uğurlu dövlət kimi Azərbaycan Respublikası daha da böyük uğurlara imza atmışdır.
Azərbaycanın ən ağrılı yeri Qarabağ problemidir, Azərbaycan ərazisinin 20 faizi Ermənistanının işğalı altındadır. Bu günlərdə Soçidə keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Prezidentinin çıxışı maraqla qarşılanıb. Cənab Prezident "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Ölkə Prezidenti qətiyyətli çıxışı və bəyanatı ilə Ermənistanın baş nazirinin Qarabağla bağlı sərsəm bəyanatlarını alt-üst etmiş oldu. Daha sonra Azərbaycan Prezidentinin Aşqabadda keçirilən MDB dövlət və hökümət başçılarının toplantısında erməni baş nazirinin üzünə və eyni zamanda, bütün dünya ictimaiyyətinə erməni yalanlarını açıq şəkildə ifşa etməsi, Azərbaycanın güclü liderə malik, güclü dövlət olduğunu bir daha bütün dünyada nümayiş etdirdi. Bir neçə gün bundan əvvəl, Cənab Prezidentin yanında keçirilmiş, iqtisadi məsələlərə həsr olunmuş müşavirədə, açıqladığı rəqəmlər, Azərbaycanın iqtisadi saldosunun, ixracla idxal arasında müsbət fərqin, yollarımızın MDB məkanın ən yüksək keyfiyyətə malik olması, dövlətimizin doğru-düzgün təmələ malik olduğunu və dinamik-dayanıqlı yüksələn inkişaf xətti ilə dünya dövlətləri arasında mövqeyinin daha da, gücləndirdiyini deyə bilərik.
Biz həm Yeni Azərbaycan Partiyası, həm də vətəndaş cəmiyyətin nümayəndələri olaraq dəfələrlə Azərbaycan cəmiyyətinə qarşı xaricdən, müxtəlif kənar təsirlərin olduğunu demişik, həyəcan təbili çalmışıq. Amma radikal müxalifət nə səsimizə səs, nə də bizə bu sahədə dəstək verdi. El arasında "sapı özümüzdən olan baltalar" bənzətməsi, yəqin ki, belə adamlar üçün yaranmışdır. Hesab edirəm ki, artıq milli maraqlar üçün hər kəs siyasi baxışlarını bir tərəfə qoyaraq, Azərbaycan Respublikasının Prezidentinin ətrafında şüurlu şəkildə birləşməyinin zamanıdır".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...